Analitika

Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizin taleyini dəyişdi

Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Möhtərəm Heydər Əliyev cənabları belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Çünki Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi, inkişafı və tərəqqisi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır. Amma Ulu Öndərin Naxçıvan dövrü xüsusi olaraq qeyd edilməlidir. Çünki çox çətin bir dövrdə Naxçıvanın erməni təcavüzündən xilas edilməsi və bu bölgənin qorunub saxlanılması məhz Heydər Əliyevin sayəsində mümkün olub. Ümummilli Liderin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə – Azərbaycana xidmət etdiyinin şahidi olarıq. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir. Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi Azərbaycan xalqının ümummilli birliyinin nə qədər mühüm bir amil olduğunu göstərməklə yanaşı, həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. Ulu Öndər xalqı böyük bir ideya azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək.Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi sayəsində muxtar respublikanın təhlükəsizliyi təmin edilmiş, sosial-iqtisadi məsələlərin həllinə nail olunmuş, siyasi-iqtisadi islahatlar həyata keçirilmiş, bütövlükdə Azərbaycan üçün taleyüklü olan qərarlara imza atılmış, müstəqil dövlətçiliyin konseptual istiqamətləri müəyyənləşdirilmişdi. Onun rəhbərliyi ilə Ali Məclisin tarixi qərarları müstəqilliyə doğru böyük dönüşün ilkin əsasları olmuşdur. 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Ümummilli Liderin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin-amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nümunəsi idi. Möhtərəm Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də lider ətrafında birliyin mühüm forması olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın öz təşəbbüsü ilə meydana çıxan bu təşkilat o dövrün siyasi hərəkatında xüsusi gücə malik idi. Ulu Öndərin Naxçıvan dövrü bir daha təsdiq edir ki, xalqın gücü Heydər Əliyevdə olduğu kimi, Heydər Əliyevin də gücü xalqda idi. “Xalq–Heydər Əliyev”, “Heydər Əliyev–xalq” anlayışları bir-birindən ayrılmazdır və bir-birini tamamlayır. Belə bir şəraitdə xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı.  1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button