AnalitikaGündəm

Ulu Öndərin hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmamış, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilmişdir. Bütün bu proseslər onun göstəricisi idi ki, Ulu Öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı. Dahi rəhbər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi, ümumiyyətlə, Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi.

Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından da böyük dönüş idi. Xalqımız əmin idi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Ümumiyyətlə, görkəmli dövlət xadimi ölkənin və xalqın ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Ümummilli Lider Heydər Əliyevin iş otağında yanan çıraqdan bütün Azərbaycana işıq düşürdü. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”,– deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı.

O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”. Bütün bunlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolunun Naxçıvan reallıqlarıdır. Heydər Əliyev Günəşi, bütövlükdə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sabahlara gedən yollarına gur işıq salır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button