Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı
“1991-ci il 30 avqust tarixi Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Şübhəsiz ki, Ulu Öndərimiz Heydər Əliyevin bu tarixi təşəbbüsü gələcək qüdrətli Azərbaycanımızın təməl daşlarından olmuşdur”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb. O deyirdi ki, 1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı.
“1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı”.
Onun sözlərinə görə, 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Partiya Ulu Öndər ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir.
“Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı”. – deyə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov əlavə edib.