AnalitikaGündəm

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Müstəqil dövlət kimi varolmanın əsas şərtlərindən biri məhz Konstitusiyanın olmasıdır. 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmuş tarixi Müstəqillik haqqında Konstitusiya Aktı yerinə yetirirdi. Amma o da tam deyildi, mükəmməl, bütün insan və hüquq azadlıqlarını özündə ehtiva edən Konstitusiyaya ehtiyac duyulurdu.

Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib. Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”. Eyni zamanda, həmin çıxışında Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Həmçinin yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev vurğulamışdı ki: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir.

Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”.1995-ci ilin iyununda Ulu öndər Heydər Əliyevin sədrliyi ilə ilk geniş iclasını keçirən Konstitusiya komissiyası fəaliyyəti dövründə də çox gərgin və məhsuldar işlədi. Ulu Öndər Heydər Əliyev:  “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlətin, xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”– deyərək, bir daha Konstitusiyanın müstəqil dövlət və onun inkişafı üçün nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkdi. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Azərbaycanda sabitliyə böyük təhdidlərin olmasına rəğmən, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu. Ümummilli Lider bu Konstitusiya ilə Azərbaycanın çox-çox illər öncəyə inkişafının təməlini yaratdı. Bu Ali Sənəd hazırlanarkən Ulu Öndər Heydər Əliyev, ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayırdı. Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.

Həsən Xələfov,
Maştağa qəsəbəsi,  28 №-li tam orta məktəbin
Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button