AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi: dövlətçilikdə dönüş nöqtəsi

Azərbaycanın müstəqillik tarixinin ilk illəri dövlət quruculuğunun son dərəcə mürəkkəb mərhələsi kimi xarakterizə olunur. Yeni dövlət institutlarının formalaşdırılması, iqtisadi sistemin dəyişdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı təhlükəsizlik problemləri və siyasi qarşıdurmalar eyni vaxtda həllini tələb edirdi. Belə bir şəraitdə 1993-cü il 3 oktyabr seçkiləri xüsusi siyasi əhəmiyyət qazandı. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başladı.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təkcə şəxsiyyət amili ilə izah edilə bilməz. Onun siyasi təcrübəsi və idarəçilik yanaşması dövlətin qarşılaşdığı problemlərin sistemli şəkildə həll edilməsinə yönəlmişdi. 1993-cü ilin yayında ölkədə siyasi sabitliyin təmin olunması, dövlət orqanlarının fəaliyyət qabiliyyətinin bərpası və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi əsas məsələlər sırasında idi. 3 oktyabr seçkiləri isə bu siyasi kursun xalqın iradəsi ilə təsdiqlənməsinin mühüm mərhələsinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin seçkiqabağı görüşlərində səsləndirdiyi fikirlər onun gələcək dövlət siyasətinin əsas istiqamətlərini anlamaq baxımından mühüm mənbədir. O, müxtəlif sosial qruplarla görüşlərində təhlükəsizlik, təhsil, gənclər, tarix, milli birlik və dövlət idarəçiliyi məsələlərinə toxunurdu. Bu çıxışlarda diqqət çəkən mühüm məqam ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyev yalnız problemləri sadalamır, onların həlli üçün dövlət səviyyəsində konkret yanaşmalar irəli sürürdü.

3 oktyabr seçkisindən sonra dövlət quruculuğu prosesinin hüquqi-institusional əsaslarının yaradılması sürətləndi. 1995-ci il Konstitusiyasının qəbul edilməsi ilə müstəqil Azərbaycanın dövlət hakimiyyəti sisteminin əsas prinsipləri hüquqi müstəviyə keçirildi. İnsan hüquqları, siyasi azadlıqlar, dövlət hakimiyyətinin təşkili, qanun qarşısında bərabərlik və xalq hakimiyyəti kimi prinsiplər müstəqil dövlətin hüquqi əsaslarına çevrildi.

Bu baxımdan 3 oktyabr 1993-cü il sadəcə seçki tarixi deyil, Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Həmin mərhələnin əsas məzmununu dövlətin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, hüquqi institutların formalaşdırılması və milli dövlətçilik ideyasının sistemli şəkildə inkişaf etdirilməsi təşkil edirdi.

Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button