Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu
Ötən əsrin sonlarında dünyanın müxtəlif nöqtələrində böyük güclərin həyata keçirdiyi siyasi, sosial-iqtisadi və bəzi hallarda hərbi eksperimentlər bir çox xalqların taleyini və tarixini dəyişdi. Bu proses indi də davam edir. Yəqin ki, böyük dövlətlərin iqtisadi və siyasi maraqları durduqca, bu prosesin xarakterini və məzmununu dəyişmək mümkün olmayacaq. Buna görə də qlobal liderlik uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək ulu öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində müstəsna xidmətidir.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.
Bu mürəkkəb, taleyüklü məsələlərin həlli üçün təqdim olunan inkişaf strategiyası, ilk növbədə, digər güclərin iradəsindən asılı olmayan və yalnız milli maraqları rəhbər tutan müstəqil siyasətin həyata keçirilməsini, ölkədə separatçılıq və mərkəzdənqaçma meyillərinin qarşısının alınmasını və sabitliyin, təhlükəsizlik mühitinin bərqərar edilməsini, institusional islahatların həyata keçirilməsi yolu ilə müasir dövlət idarəçiliyinin və mütərəqqi ictimai münasibətlərin formalaşdırılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu və etibarlı əlaqələrin qurulmasını, mühüm enerji layihələrinin reallaşdırılması və iqtisadi inkişaf üçün zəruri resursların əldə edilməsini, cəmiyyətin müxtəlif sosial təbəqələri arasında azərbaycançılıq ideologiyasına əsaslanan sıx birliyin təminatını və son nəticədə ölkənin ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tuturdu. Ulu Öndərin milli ideyaya, milli-mənəvi dəyərlərə dərin bağlılığı, irəli sürdüyü təşəbbüslərin, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai etimad Azərbaycanın qurtuluşunun siyasi-fəlsəfi mahiyyətini təşkil edən mühüm amildir.
Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.
Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər. Milli inkişaf xətti ilə ardıcıl və dinamik surətdə irəliləyən Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı