
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə respublikada yeni inkişaf mərhələsi başlandı. Bu dövr ölkəmiz üçün iqtisadi, sosial və mədəni sahələrdə ciddi irəliləyişlərlə yadda qaldı. Eyni zamanda, Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin və hərbi qüdrətinin möhkəmləndirilməsini prioritet məsələlərdən biri kimi qarşıya qoydu. Məhz bu məqsədlə Azərbaycanda milli hərbi kadrların hazırlanması istiqamətində ciddi və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.Həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycan üçün ordu quruculuğu və hərbi sahədə müstəqil addımlar atmaq asan deyildi. Lakin Heydər Əliyev milli maraqları üstün tutaraq bu sahədə əsaslı islahatların və layihələrin başlanğıcını qoydu. Onun təşəbbüsü ilə Azərbaycandan olan gənclərin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi üçün xüsusi kvotalar ayrıldı. Bu məqsədlə xüsusi komissiyalar yaradıldı, qabiliyyətli və vətənpərvər gənclər seçilərək hərbi təhsil almağa göndərildi.Heydər Əliyev hələ sovet rəhbərliyində yüksək vəzifələrdə təmsil olunarkən belə Azərbaycanın hərbi mütəxəssislərə olan ehtiyacını daim gündəmdə saxlayırdı. Onun Moskvadakı fəaliyyət dövründə də Azərbaycanlı gənclərin Rusiyanın aparıcı hərbi ali məktəblərinə daxil olması üçün şərait yaradıldı. Bu, təkcə hərbi sahədə deyil, ümumiyyətlə, milli kadr siyasətində dönüş nöqtəsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində formalaşan bu kadrlar müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin əsas dayaqlarından birinə çevrildi.Ən mühüm addımlardan biri isə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Bu lisey Azərbaycanın hərbi kadr potensialının formalaşdırılmasında əvəzsiz rol oynadı. Hərbi liseydə yüzlərlə azərbaycanlı gənc təhsil alaraq gələcəkdə yüksək rütbəli zabit kimi Vətənə xidmət etməyə başladı. Bu təhsil ocağı təkcə hərbi bilikləri deyil, eyni zamanda milli ruhu, vətənpərvərliyi və intizamı da gənclərə aşıladı. Bu məktəbin yaradılması Ulu Öndərin hərbi sahədə apardığı islahatların real nəticəsi idi.Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da hərbi sahəyə xüsusi diqqət yetirdi. Lakin bu diqqətin əsası 1969-cu ildən qoyulmuşdu. Onun uzaqgörənliyi sayəsində formalaşdırılmış hərbi kadr bazası Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda mühüm rol oynadı.Nəticə etibarilə, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra hərbi kadrların hazırlanması istiqamətində atdığı addımlar strateji baxımdan ölkənin gələcəyini müəyyənləşdirən əsas sütunlardan birinə çevrildi. Onun bu sahədəki xidmətləri təkcə bir dövrü deyil, bütöv bir tarixi əhatə edir. Məhz onun uzaqgörən siyasəti və gərgin əməyi sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri peşəkar, vətənpərvər və hazırlıqlı zabitlərə malik güclü bir orduya çevrilmişdir.
Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi