
Hazırda ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar.
Şübhəsiz ki, burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və müasir çağırışlara uyğun, düzgün strateji kursun, yəni daxili və xarici siyasətin həyata keçirilməsidir. O da qeyd edilməlidir ki, mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir.
Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Cari ilin 18 iyul tarixi Prezident İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı ilə yadda qaldı. Qaz təchizatından söz açan ölkə başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Ölkə rəhbəri qeyd etdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunulur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Azərbaycanın təbii qazını alan ölkələri qeyd edən dövlət başçısı vurğuladı ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Yeni tərəfdaşlıqdan danışan ölkə başçısı söylədi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Dövlət başçısı bildirdi ki, mühüm imkanlar yaranacaq. İndi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri