AnalitikaGündəm

Uğurla davam edən döyüş əməliyyatı Azərbaycanın Zəfər tarixini yazdı

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1991-ci il oktyabrın sonu 1992-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, strateji əhəmiyyətə malik və azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi, əhalisi təcavüzə və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşdü. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Uğurla davam edən döyüş əməliyyatı Azərbaycanın Zəfər tarixini yazdı. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqları işğaldan azad etdi.

Biz onların qarşısında baş əyirik, onlarla qürurlanırıq. Cənab Prezident Qubadlının azad olunması ilə bağlı belə deyirdi: “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi”.  Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsində Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alınıb. Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Ali Baş  Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində  işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button