Analitika

Üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi və ümumxalq birliyinin təntənəsinə çevrildi

“2020-ci il noyabr ayının 10-da imzalanmış Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən sənəddir. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı, beləliklə də 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrildi.

Status-kvonu dəyişən üçtərəfli Bəyanatın Azərbaycanın maraqlarına tam uyğun hazırlandığını vurğulayan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri diqqətə çatdırıb ki Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan tamamilə təslim oldu, Qarabağa heç bir status verilmədi, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi birdəfəlik unuduldu.

“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq”, – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatdı və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da erməni miflərinə son qoyuldu, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə həmçinin 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasına da yol açdı. Məhz, əldə olunmuş parlaq Zəfərin yekununda Azərbaycanın bayrağı Şuşada, Xankəndidə, Xocalıda, Qarabağın və Şərqi zəngəzurun bütün ərazilərində ucaldıldı”.

Oxşar Xəbərlər

Back to top button