AnalitikaGündəm

Üçrəngli bayrağımız mənliyimizin , öz dövlətimizə hakimliyimizin atributudur

Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir. Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.

Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün,  həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button