Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, dövlət rəmzi olub, müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Uğrunda canlar fəda olmuş bayraqlardan biri də üçrəngli, ay – ulduzlu hilalımız – Azərbaycan bayrağıdır.
Bu gün Azərbaycan boyu dalğalanan üçrəngli bayrağımızın tarixi elə milli dövlətçiliyimizin keçdiyi sınaqların tarixi kimi dəyərləndirilməlidir. Milli bayraq dövlətçiliyimizin rəmzi kimi nəsillərin qəlbində özünə yer tutur. Bu bayrağı qaldıranlar üç rəngin ideyalarından ayrılmırlar. İnanırlar ki, bir kərə yüksələn bayraq bir daha enməyəcək, yenə də yüksəklərdə dalğalanacaq. Xalqımız müstəqilliyimizin əbədi və dönməzliyi, Azərbaycanın çiçəklənməsi istiqamətində Ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyətini, əvəzsiz xidmətlərini sonsuz minnətdarlıq və ehtiramla yada salır. Ulu öndərin siyasi kursunu inamla və qətiyyətlə davam etdirən ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi 1993 – 2003 – cu illər Azərbaycan üçün həlledici olmuşdur: “Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir”.
Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayrağımızı 30 illik həsrətdən sonra doğma yurdumuza geri qaytardı və bu gün bayrağımız həmin ərazilərdə də qürurla dalğalanır və biz çox xöşbəxt xalqıq ki, bu tarixi hadisələrə şahidlik edirik. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı