İkinci Qarabağ Müharibəsindən sonra yeni mənzərənin formalaşdığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Eyni zamanda, Türkdilli dövlətlər arasında əlaqələrin son illərdə daha da genişlənməsi, Türkdilli Dövlətlər Birliyinin yaranması çoxvektorlu əlaqələr üçün yeni imkanlar açıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türkdilli respublikaları, xüsusilə Qırğızıstan, Özbəkistan və Qazaxıstan ilə münasibətlərinin strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. Azərbaycan Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tranzit əlaqələrini genişləndirmək yükdaşımaların həcmini yüksəltmək üçün paralel olaraq Türkiyə və Gürcüstanla da sıx müzakirələr aparır. Təsadüfi deyil ki, son günlərdə hər üç ölkənin gömrük və nəqliyyat sahələrinə məsul nazirlərinin Tbilisidə keçilən görüşlərində avtomobil yolları, eləcə də Bakı-Tbilis-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib. Nəhayət, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə Azərbaycana gerçəkləşən səfəri, imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, eləcə də digər mühüm sənədlər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar açır. Bu sənədlər siyasi əlaqələrin inkişaf etdirilməsini, dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstəyini, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərinin əlaqələndirilməsini, eyni zamanda, iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlığının inkişafını, mədəni-humanitar əlaqələrin genişləndirilməsi kimi vacib məsələləri əhatə edir. Bütün bunlar həm də deməyə əsas verir ki, Azərbaycan bu gün strateji müttəfiqi Türkiyə ilə birgə eyni dil, din və mədəni köklərə malik türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə, onların beynəlxalq müstəvidə real güc amilinə çevrilməsinə çalışır. Mərkəzi Asiya ölkələrinin İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini birmənalı müdafiə etmələri, postkonflikt dövründə isə azad edilmiş ərazilərin bərpası prosesində iştirakları rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı