
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edərək Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlər üzrə artan qarşılıqlı əlaqələrin təşkilatın beynəlxalq nüfuzunun yüksəldiyini göstərdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, təhlükəsizlik şuralarının katiblərinin Bakıda beşinci toplantısının keçirilməsi Türk dünyasında əməkdaşlığın artıq yalnız siyasi, iqtisadi və humanitar sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik məsələlərini də əhatə edən strateji xarakter daşıdığını nümayiş etdirir.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatının geniş coğrafiyanı, böyük siyasi və iqtisadi potensialı əhatə etdiyini vurğulayaraq, təşkilatın beynəlxalq arenada rolunun daha da gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb. Türk dövlətlərinin yerləşdiyi coğrafiyadan mühüm enerji və nəqliyyat dəhlizlərinin keçməsi TDT məkanının qlobal iqtisadi və strateji proseslərdə əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin çıxışında enerji və nəqliyyat təhlükəsizliyi xüsusi yer tutub. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında fəal əməkdaşlığı və enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında oynadığı rol ölkəmizi Türk dünyasının iqtisadi və nəqliyyat bağlantılarının mühüm həlqələrindən birinə çevirir. Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları müasir dövrdə ümumi təhlükəsizlik anlayışının ayrılmaz hissəsidir. Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətlərinin də yüksək səviyyədə olduğu vurğulanıb. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalanması, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması Türk dövlətləri arasında münasibətlərin konkret layihələr və qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyev Türk dünyasını ortaq etnik köklər, dil, mədəniyyət və mənəvi dəyərlərlə birləşdirən amillərin TDT-nin əsas üstünlüklərindən biri olduğunu qeyd edib. Bu mənəvi və mədəni yaxınlığın dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik çağırışlarının xarakterinin dəyişdiyini nəzərə çatdıran dövlət başçısı ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər, yeni qeyri-sabitlik ocaqları və digər risklərin meydana çıxdığını bildirib. Bu baxımdan TDT məkanında təhlükəsizlik məsələləri üzrə məlumat mübadiləsinin, operativ əlaqələndirmənin, birgə fəaliyyətin və qabaqlayıcı tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin ayrı-ayrı dövlətlərin təkbaşına həll edə bilməyəcəyi çağırışlar olduğunu vurğulayıb. Buna görə də təhlükəsizlik strukturları arasında koordinasiyanın gücləndirilməsi Türk dövlətlərinin ümumi təhlükəsizlik mühitinə mühüm töhfə verə bilər.
Dövlət başçısı həmçinin qeyd edib ki, ətraf regionlarda müharibələrin və münaqişələrin davam etdiyi şəraitdə regional təhlükəsizlik məsələləri xüsusi aktuallıq kəsb edir. Sülh, sabitlik və təhlükəsizlik davamlı iqtisadi inkişaf, investisiyaların cəlbi, texnologiyaların tətbiqi və xalqların rifahının yüksəldilməsi üçün mühüm şərtlər kimi təqdim olunub.
Prezident İlham Əliyev çıxışında təhlükəsizliyin yalnız hərbi və fiziki aspektlərlə məhdudlaşmadığını, ideoloji və informasiya müstəvisində də yeni çağırışların mövcud olduğunu diqqətə çatdırıb. Bu kontekstdə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və milli özünüdərkə bağlılığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, forumların, konfransların və qarşılıqlı tədbirlərin keçirilməsi təklif edilən istiqamətlər sırasında yer alıb. Bu yanaşma Türk dünyasının gələcək nəsilləri arasında qarşılıqlı ünsiyyətin, həmrəyliyin və ortaq dəyərlər ətrafında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən mühüm istiqamət kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində Azərbaycanın Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallıq yaratdığı və Türk dünyası üçün ümumi qürur mənbəyi olduğu da vurğulanıb.Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Türk dövlətlərinin göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Həmçinin Qarabağ Zəfərinin Azərbaycanı regionda mühüm nəqliyyat, logistika və strateji bağlantıların inkişafı baxımından yeni imkanlarla təmin etdiyi qeyd olunub.
Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində ölkələr arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyət potensialının reallaşdırılması, regionda sülh və davamlı inkişafın təşviqi istiqamətində səylər göstərilir. Prezident İlham Əliyev qeyd edib ki, Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq və inteqrasiyanı əhatə edən mühüm yol xəritəsidir.Bu baxımdan Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı Türk Dövlətləri Təşkilatının institusional inkişafında və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ kimi diqqəti cəlb edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı qarşılıqlı etimad, həmrəylik, ortaq maraqlar və koordinasiyalı fəaliyyət əsasında beynəlxalq arenada daha fəal rol oynaya bilər. Prezident İlham Əliyev çıxışında TDT-nin birgə səylərlə aparıcı beynəlxalq institutlardan birinə çevrilməsi üçün bütün imkanların mövcud olduğunu bildirib.
Bakıda keçirilən bu mühüm görüş Türk dünyasının qarşısında dayanan yeni çağırışlara birlikdə cavab vermək, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək, iqtisadi və nəqliyyat əlaqələrini genişləndirmək və gələcək nəsillər üçün daha dayanıqlı əməkdaşlıq mühiti formalaşdırmaq istiqamətində iradənin ifadəsidir.
Türk dünyasının gücü ortaq tarixindən, mənəvi bağlarından, qarşılıqlı etimadından və həmrəyliyindən qaynaqlanır. Bu həmrəylik təhlükəsiz, sabit və inkişaf edən gələcəyin mühüm dayaqlarından biridir.
Türk dünyasının birliyi ortaq gücümüz, həmrəyliyimiz isə gələcəyimizdir!
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini


