Türk dövlətləri ilə əlaqələrimizin genişləndirilməsi Azərbaycanın beynəlxalq siyasət doktrinasının əsasını təşkil edir

“Azərbaycan xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrimizin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Prezident İlham Əliyevin sonuncu inauqurasiya mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri bu tarixi mərhələdə Azərbaycanın beynəlxalq siyasət doktrinasının əsasını təşkil edir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, cari ilin 6 iyun tarixində Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edən zaman deyib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşlər və digər tədbirlər davam etdiriləcək. Yaxın vaxtlarda Şuşada belə bir tədbirin keçirilməsi planlaşdırılıb. Məlum olduğu kimi, Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlətimizin başçısı bildirib ki, Zirvə görüşlərinin keçirilməsi mütəmadi xarakter almalıdır. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün mövzusu da bəllidir. Bu, nəqliyyat və iqlimlə bağlı olacaq. Bu istiqamətdə tədbirlərin təşkil olunması çox zəruridir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Məhz bunun nəticəsidir ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması istiqamətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir:
“Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar isə qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən məktəb və incəsənət mərkəzləri, birliyimizin güclü təzahürlərindən biridir”.
Onun sözlərinə görə, bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər. İmzalanan sənədlər, əldə olunan razılaşmalar bunu bir daha sübut edir.