
Məhdud regional nəqliyyat əlaqələri hələ də dənizə çıxışı olmayan ölkələr üçün əsas problem olaraq qalır.
Victorytime.az “Report”-a istinadən xəbər verir, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransında bildirib.
Onun sözlərinə görə, bu problem yüksək tranzit və ticarət xərcləri, həmçinin geosiyasi amillərə qarşı həssaslıq da daxil olmaqla bir sıra iqtisadi çətinliklərə səbəb olur: “Bu məhdudiyyətlər vətəndaşların rifahına təsir edir və rəqabət qabiliyyətini azaldır. Onlar münaqişələr, iqtisadi sanksiyalar, təchizat zəncirindəki pozuntular və qlobal etimadsızlığın artması ilə daha da dərinləşir”.
Qazaxıstan lideri qeyd edib ki, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədə yarım milyarddan çox insan hələ də maliyyə resurslarına, texnologiyalara və dünya bazarlarına çıxışda maneələrlə üzləşir.
“Nəqliyyat, enerji və rəqəmsal infrastruktur kimi əsas sektorlara investisiya qoyuluşunu stimullaşdırmaq üçün innovativ maliyyə mexanizmləri lazımdır”, – Tokayev bildirib.
O, daha bir problemin iqlim dəyişikliyi olduğunu deyib: “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan bir çox ölkələr su çatışmazlığı, buzlaqların əriməsi, səhralaşma və digər ekstremal hava hadisələri ilə üzləşir. Bu problemlərin həlli əlaqələndirilmiş regional səylər və fəal beynəlxalq dəstək tələb edir”.
Tokayev iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin gücləndirilməsi üçün iştirakçıları gələn ilin aprelində Astanada BMT ilə tərəfdaşlıqda keçiriləcək Regional Ekoloji Sammitə dəvət edib.