
XIX əsrin ikinci yarısında, iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda ictimai-siyasi həyatda baş verən əsaslı dəyişikliklər və genişlənən maarifçilik hərəkatı milli mətbuatın yaranmasını zəruri etdi. Bu tarixi zərurətdən yaranan və 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən təsis edilən “Əkinçi” qəzeti qısa müddət ərzində həm ziyalı təbəqə, həm də sadə xalq arasında böyük populyarlıq qazandı.
Çar Rusiyası qəzetin insanların maariflənməsindəki və ictimai-siyasi proseslərə cəlb olunmasındakı rolundan çəkinərək onun nəşrini dayandırsa da, “Əkinçi”nin bəyan etdiyi o böyük prinsiplər heç vaxt unudulmadı. Ondan sonra işıq üzü görən onlarla anadilli nəşr, o cümlədən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Açıq söz” qəzet və jurnalları bu irsi uğurla yaşatdılar.
Bu nəşrlər tariximizin güzgüsü olaraq, milli şüurun formalaşmasında, xalqımızın azadlıq amallarının gerçəkləşməsində və anadilli ədəbi dilimizin inkişaf etdirilməsində mühüm xidmətlər göstərdilər.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



