
Dövlətçilik tarixində elə məqamlar var ki, onlar bir xalqın keçdiyi uzun və mürəkkəb yolun mühüm yekununu ifadə edir. Azərbaycan üçün 20 Sentyabr belə tarixi məqamlardan biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi ölkənin müasir tarixində yeni mərhələ yaratdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi bu hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini rəsmiləşdirdi. Artıq hər il bu tarix Azərbaycanın öz ərazi bütövlüyünə və suverenliyinə sahib çıxmasının rəmzi kimi qeyd olunur.
Suverenlik anlayışı yalnız siyasi və hüquqi termin deyil. Bu anlayış dövlətin öz ərazisində qanunun aliliyini təmin etməsi, dövlət institutlarının fəaliyyət göstərməsi və vətəndaşların hüquq və azadlıqlarının vahid hüquqi məkanda qorunması ilə bilavasitə bağlıdır. 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağda yaranan yeni reallıq da məhz bu baxımdan əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin suverenliyinin bərpası ilə Qarabağda yeni idarəçilik, quruculuq və sosial inkişaf mərhələsi başladı. Beləliklə, 20 Sentyabr yalnız hərbi-siyasi nəticəni deyil, Azərbaycanın vahid dövlət məkanının tam şəkildə təmin olunmasını ifadə edən tarixə çevrildi.
Bu tarixi nəticənin ardınca qarşıda böyük quruculuq vəzifələri meydana çıxdı. Çünki dövlət suverenliyinin təmin edilməsi ilə yanaşı, həmin ərazilərdə insanların rahat və təhlükəsiz yaşayacağı mühitin yaradılması da mühüm məsələdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində aparılan bərpa işləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni yaşayış məhəllələrinin, yolların, sosial obyektlərin yaradılması və qayıdış prosesinin təşkili suverenliyin gündəlik həyatda görünən nəticələrini formalaşdırır. Xocalıda keçmiş məcburi köçkünlərin qayıdışının 2024-cü il mayın 28-dən başlaması bu prosesin artıq real mərhələyə keçdiyini göstərir.
Bu gün 20 Sentyabrın əsas mesajlarından biri də məhz budur: dövlətçilik əldə edilmiş tarixi nəticələrin qorunması ilə yanaşı, həmin nəticələrin gələcək nəsillərin həyatında öz əksini tapmasını tələb edir. Qarabağda tikilən hər bir ev, çəkilən hər bir yol, açılan hər bir məktəb bu baxımdan dövlət suverenliyinin sosial və iqtisadi məzmununu tamamlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti Qarabağın yalnız bərpasına deyil, onun gələcəyə hazırlanmasına xidmət edir. 20 Sentyabr Azərbaycanın öz torpaqlarına sahib çıxmasının tarixi olduğu qədər, həmin torpaqlarda yeni həyat qurmaq məsuliyyətinin də tarixidir.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



