
“Türk dünyası böyük ailədir, mühüm potensiala malikdir və geniş coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması böyük gücün əsas göstəriciləridir. Bu səbəbdəndir ki, təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk dünyasının yeni güc mərkəzinə çevrilməsi üçün geniş potensial və əlverişli zəmin var. Bu mənada Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nin imzalanması deyilən istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilməlidir. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Təsadüfi deyil ki, yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun strateji prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir”.
“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməkdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir: “Türk xalqlarının ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Eləcə də atılan addımlar, imzalanan sənədlər bir daha onu sübut edir ki, XXI əsr Türk dünyasının inkişafı əsri olacaq”.