
“Məlum olduğu kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib. Artıq ənənəvi hal alan bu forum 3-cü ildir ki təşkil olunur. Əgər ötən il forumda 50 ölkədən 150-dən çox qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak etmişdisə, bu il forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyindən və 80 media qurumundan nümayəndələr yer alıb. Bu isə bir daha foruma olan beynəlxalq marağı özündə əks etdirir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır: “Forum çərçivəsində mühüm qlobal mövzularda keçirilmiş panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertlərinin ətraflı fikir və təcrübə mübadiləsi aparırlar. Bu mənada keçirilən bu forumları qlobal yalan şəbəkəsinin ifşası və həqiqətlərin çatdırılması baxımdan mühüm platforma kimi qiymətləndirmək olar”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, forumda iştirak edən Prezident İlham Əliyev dünyanın müxtəlif qurumlarını təmsil edən nümayəndələrinin suallarını cavablandırıb: “Prezident İlham Əliyev Azərbaycanın ABŞ, Rusiya, Avropa İttifaqı, Afrika ölkələri, Türk dünyası ilə münasibətlərinə, eləcə də hazırda davam edən münaqişə və müharibə proseslərinə dair fikirlərini açıq, səmimi şəkildə diqqətə çatdırıb. Forum iştirakçılarının suallarının fəlsəfəsindən də aydın görünürdü ki, bu gün hər kəs Azərbaycana qarşı qlobal dezinformasiya şəbəkəsinin fəaliyyət göstərdiyini təsdiqləyir və şəbəkənin əsasən Qərb ölkələrindən idarə olunması da gizli qalan məsələ deyil. Xüsusilə də, süni intellektin imkanlarından istifadə edilməklə yüksək nüfuzlu siyasi və dövlət xadimləri adından feyk məlumatların yayılması və bu prosesin son zamanlar daha geniş vüsət alması da narahatlıq doğuran məsələ kimi müzakirə olunub”.
Ramil Vəlibəyov əlavə edib ki, 3-cü Şuşa Qlobal Media Forumu dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib. Bu, bir daha dünya ictimaiyyətinin diqqətini qlobal dezinformasiya məsələlərinə yönəldib və şübhə yoxdur ki, bu tarixi tədbirin mühüm nəticələri də olacaq. Aparılan müzakirələr medianın qlobal çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.