SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsi qarşıdakı dövrün hədəfləri və onlara nail olmağa təkan verəcək
2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Deklarasiyası ilə yaradılmışdır. Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstandır. UNECE və ESCAP SPECA-nın Proqram çərçivəsində fəaliyyətlərinə birgə ümumi dəstək verirlər. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir. Zirvə görüşü son 25 ildə SPECA-ya üzv ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı: “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu əminliyi də ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.” Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib: “Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam əsas yer tutur ki, ədalət və beynəlxalq hüquq əsasdır, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərindən sonra qarşı tərəfə sülh təklifini etsə də hələ də Ermənistanın konkret addım atmadığı göz önündədir. Bəzi dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri vəziyyəti gərginləşdirir. Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsi qarşıdakı dövrün hədəfləri və onlara nail olmağa təkan verəcək.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı