Soyqırımı qurbanlarının xatirəsinin 30 ildən sonra Xocalıda anılması mühüm tarixi hadisədir
“Müstəqil Azərbaycanımızın tarixində ilk dəfə idi ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi 30 ildən sonra işğaldan azad olunmuş Xocalıda anılırdı. Prezident İlham Əliyevin və Xocalı sakinlərinin iştirakı ilə Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə tarixi hadisə idi. Hər iki hadisə bir daha Azərbaycan xalqının iradəsinin, müzəffər Ali Baş Komandan İlham Əliyevə inamının, güvəninin sübutu idi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan xalqı 30 il ərzində bir an da olsun doğma yurdunun işğaldan azad olunacağına ümidini və inamını itirməmişdi: “Elə bu səbəbdən idi ki, Prezident İlham Əliyev illərdir hazır olan Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin tikintisini hər il təxirə salırdı. Çünki bilirdi ki, bir gün Xocalıya qayıdacağıq və işğaldan azad olunmuş Xocalıda Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksi inşa olunacaq. Elə məhz 26 fevral tarixində Prezident İlham Əliyevin Xocalıya səfər etməsi və Kompleksin təməlini qoyması haqqında danışılan inamın gerçəkləşməsi idi. Bu fakt eyni zamanda onu isbat edir ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək”.
“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayət olsa da, dünyanın böyük dövlətləri vicdan və ədalət prinsiplərini inkar edərək əsrin faciəsini inkar edirlər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ikinci Qarabağ müharibəsi və 23 saatlıq anti-terror əməliyyatı inkar edilən ədalətin bərpası və təntənəsi oldu: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var və bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan Azərbaycan xalqı sakitləşə bilməzdi. Bu mənada ədalətin döyüş meydanında təmin edilməsi beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Azərbaycan günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı”.