
Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi asan bir proses olmamışdır. Xüsusilə SSRİ Konstitusiyasının qəbulundan sonra 1970-ci illərdə milli dillərin sıxışdırılması təhlükəsi yarananda bu məsələ böyük cəsarət tələb edirdi. Bütün bu çətinliklərə sinə gərən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Konstitusiyanın 73-cü maddəsi qəbul edilərək ana dilimizin dövlət dili olması təsbit edildi.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilərkən də “Azərbaycan dili” adının rəsmiləşməsi birbaşa xalqın səsverməsi və Ulu Öndərin qətiyyəti ilə baş tutmuşdur. Prezident İlham Əliyev bu möhkəm təməllər üzərində dövlət dilimizin fəaliyyətini daha da təkmilləşdirir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il tarixli Qanun da məhz bu tarixi inkişafın yekunudur. Azərbaycan dili artıq nəinki ölkəmizin daxilində, dünya azərbaycanlılarının milli-mədəni özünüifadəsində həlledici rol oynayır.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı



