
Naxçıvan Muxtar Respublikasının qlobal tranzit mərkəzinə çevrilməsi Azərbaycanın strateji iqtisadi hədəflərindən biridir. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvan təkcə Şərq-Qərb dəhlizinin deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin çox mühüm bir qoluna çevriləcəkdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın açıq dənizlərə və okeanlara birbaşa çıxışı olmasa da, müasir Avrasiya nəqliyyat dəhlizlərinin icrası zamanı ölkəmizdən yan keçmək qətiyyən mümkün deyildir. Bu strateji əhəmiyyət Naxçıvanın gələcək inkişafında özünü daha qabarıq göstərəcəkdir.
Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti fəaliyyətə başlayacaqdır. Zəngəzur dəhlizindən Naxçıvana girən və Culfa dəmiryol məntəqəsindən İrana keçən hazır dəmir yolu infrastrukturu artıq mövcuddur. Prezident İlham Əliyevin uzaqgörən siyasətinə əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir və oradan o bölgəyə yaxın olan Pakistana qədər uzana bilər. Bu isə beynəlxalq yük daşımalarının şaxələndirilməsində Naxçıvanı unikal mərkəz edir.
Beynəlxalq logistika xətlərinin bu cür kəsişməsi Naxçıvanda böyük iqtisadi canlanmaya səbəb olacaqdır. Dövlət başçısının qoyduğu məqsədə uyğun olaraq, Zəngəzur dəhlizinin ilkin mərhələsində mövcud olan yoldan başlanılsa da, hədəf ən azı 15 milyon ton yükün keçirilməsidir. Belə böyük həcmdə yükün tranziti muxtar respublikada daha çox iş yerlərinin açılmasına və ümumi iqtisadi fəallığın kəskin artmasına gətirib çıxaracaqdır. Nəticə etibarilə Naxçıvan dünyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcəkdir.
Bütün bu qlobal layihələrin həyata keçirilməsi güclü maliyyə resursları və qətiyyətli siyasi iradə tələb edir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın maliyyə problemləri yoxdur və dövlətimiz bu cür önəmli layihələr üçün hər zaman vəsait tapmağa qadirdir. Naxçıvan dəmir yolunun inşasına dair beynəlxalq konsorsium yaradılmasa belə, Azərbaycan vaxt itirmədən öz vəsaiti hesabına 194 kilometr uzunluğunda və 15 milyon ton yükaşırma qabiliyyətinə malik bu yolu təkbaşına inşa edəcəkdir.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



