Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində çox böyük işlər görmüşdür. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş səhifəsi idi. Belə ki, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı və bu məktəbin fəaliyyəti azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Bu gün ulu öndər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli Milli Ordu quruculuğu istiqamətində davamlı islahatlar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması, onun ən müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi ordu quruculuğu siyasətinin əsas istiqamətləri kimi diqqət çəkir. Ordumuz son illər ərzində daha da modernləşib, son hərbi texnologiyalarla zənginləşdirilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Şanlı Ordumuzun şücaəti, Vətən uğrunda apardığı müqəddəs savaşı sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində Ordumuz əsl gücünü dünyaya nümayiş etdirdi.
Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi