
Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.
İyul ayının 4-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı təşkilatın, 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə iştirak etmişdir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. ŞƏT 2001-ci ildə yaradılmış, təşkilatın 10 üzvü vardır: Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır.
Qeyd edək ki, zirvə görüşü çərçivəsində keçirilən “ŞƏT plyus” toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvətə görə Qazaxıstanın dövlət başçısına təşəkkürünü bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin ŞƏT-in Zirvə toplantısına ikinci dəfə dəvət aldığını xatırladıb. Dövlətimizin başçısı bu amili Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.
Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. Ölkəmizin imza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün yüksək qiymətləndirilib.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi