
Cənab Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı etdiyi çıxış Azərbaycan üçün mühüm siyasi və sosial hadisələrdən biri kimi yadda qaldı. Bu forum dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, şəhərsalma üzrə mütəxəssisləri, beynəlxalq təşkilatları və alimləri bir araya gətirərək müasir şəhərlərin inkişafı, dayanıqlı urbanizasiya və ekoloji problemlərin həlli yollarını müzakirə etmək məqsədi daşıyırdı. Azərbaycanın paytaxtı Bakı kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməklə ölkənin beynəlxalq nüfuzunu bir daha nümayiş etdirmiş oldu. Cənab Prezident İlham Əliyev çıxışında ilk növbədə Azərbaycanın son illərdə şəhərsalma və infrastruktur sahəsində qazandığı uğurlardan bəhs etdi. O qeyd etdi ki, müstəqillik illərində ölkədə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, yeni yollar, körpülər, yaşayış kompleksləri, parklar və sosial obyektlər tikilmişdir. Xüsusilə Bakı şəhərinin müasir memarlıq üslubunda inkişafı, nəqliyyat sisteminin yenilənməsi və insanların rahat yaşayışı üçün yaradılmış şərait forum iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Çıxış zamanı dövlət başçısı dayanıqlı inkişaf məsələsinə xüsusi diqqət ayırdı. O bildirdi ki, şəhərlərin gələcək inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də ekoloji tarazlığın qorunması, yaşıl enerjidən istifadə və insanların rifahının təmin olunması ilə ölçülməlidir. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan “yaşıl enerji” strategiyasını prioritet istiqamət kimi qəbul edib və bu sahədə mühüm layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə aparılan işlər ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ətraf mühitin qorunmasına da xidmət edir. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən də danışdı. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Bu layihələr müasir texnologiyaların tətbiqi, ekoloji təmiz mühitin yaradılması və insanların rahat yaşayışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bildirdi ki, həmin ərazilər müasir şəhərsalma nümunəsinə çevriləcək və beynəlxalq təcrübə ilə uyğun şəkildə inkişaf etdiriləcək. Forum çərçivəsində Prezident beynəlxalq əməkdaşlığın əhəmiyyətindən də bəhs etdi. O vurğuladı ki, qlobal problemlərin həlli yalnız ölkələrin birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. İqlim dəyişiklikləri, urbanizasiya və sosial bərabərsizlik kimi məsələlər bütün dünya dövlətlərini düşündürür və bu səbəbdən beynəlxalq həmrəylik böyük əhəmiyyət kəsb edir. Azərbaycan da beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək bu problemlərin həlli istiqamətində öz töhfəsini verməyə çalışır. Çıxışda humanitar məsələlər də diqqət mərkəzində oldu. Cənab Prezident İlham Əliyev insanların rahat və təhlükəsiz yaşayışının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etdi. O bildirdi ki, şəhərlərin inkişafı yalnız binaların tikilməsi ilə məhdudlaşmamalıdır. İnsanların təhsil, səhiyyə, mədəniyyət və sosial xidmətlərə əlçatanlığı təmin edilməlidir. Müasir şəhərlər insan mərkəzli olmalı və vətəndaşların həyat keyfiyyətini yüksəltməlidir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan rolunu bir daha göstərdi. Bu tədbir həm də ölkənin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın gələcək inkişaf strategiyasını, dayanıqlı şəhərsalma siyasətini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi aydın şəkildə nümayiş etdirdi.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası məsləhətçi



