Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Düşməni kapitulyasiyanı imzalamağa məcbur etdik. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Müqaviləyə görə isə düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub.
Səbr kasamızı dolduran sonuncu damla isə Ermənistanın 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribatı törətməsi oldu. Bununla da 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı azad etmək uğrunda cənab Ali Baş Komandan tərəfindən bütün cəbhə boyu istiqamətlərdə əks-hücuma keçmək haqqında əmr verildi. Azərbaycan xalqı sevinirdi, çünki bizim ən böyük arzumuz olan Qarabağın azad edilməsi prosesi Ali Baş Komandan tərəfindən start götürmüşdü. Azərbaycan ordusu müharibənin ilk günündən son gününə kimi irəlilədi, yeni-yeni əraziləri düşmən tapdağı altından azad etdi… Ali Baş Komandan cənab İlham Əliyev ordumuzun döyüş meydanında yazdığı tarixi masada rəsmiləşdirdi. Bütün dünyanın bizə qarşı olduğu vaxtda prezidentimizin qətiyyəti, təəsübkeşliyi, siyasi manevrləri Azərbaycanın dünyanın siyasi arenasında nüfuzlu dövlət kimi öz sözünü deməsi ilə nəticələndi. Xarici jurnalistlərə müxtəlif dillərdə verilən müsahibələr də bu hadisələrin fonunda az rola malik deyildi.
“Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib.” sözlərini deyən prezidentimiz kənar və ermənipərəst qüvvələrə açıq-aşkar xəbərdarlıq edir. Ermənistan rəhbərliyinin və ordusunun qorxulu yuxusuna çevrilən XTQ-lərimizin adını çəkməklə hələ də yumruğumuzun yumşalmadığını bildirir.
Azərbaycan xalqı qalib xalq kimi tanınır. Biz xalq-iqtidar birliyi sayəsində inamlı qələbə qazandıq və öz gücümüzü bütün dünyaya sübut etdik! Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda öz canlarından keçmiş şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirəm. Allah qazilərimizə tezliklə şəfa versin! Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan!!!
İslam Bafadarov,
YAP-ın gənc fəalı