AnalitikaGündəmSiyasət

Sabit iqtisadiyyat Azərbaycanın yeni investisiya mərhələsinin əsas dayağıdır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin əsas parametrlərini müəyyənləşdirən mühüm siyasi-iqtisadi mesajlarla zəngindir. Çıxışda sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin gələcək inkişaf üçün ilkin şərt kimi təqdim olunması təsadüfi deyil. Prezident İlham Əliyevin yanaşmasına görə, son illərdə yaradılmış iqtisadi baza və formalaşdırılmış investisiya mühiti Azərbaycanın növbəti inkişaf mərhələsinə keçməsinə imkan verən fundamental amillərdir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas müzakirə xəttinin etimad, bağlantı və investisiya sabitliyi üzərində qurulması da bu yanaşmanın beynəlxalq iqtisadi gündəmlə uyğunluğunu göstərir.

İnvestor üçün ölkənin iqtisadi potensialı qədər həmin potensialın hansı şəraitdə reallaşdırılması da əhəmiyyətlidir. Siyasi və makroiqtisadi sabitlik uzunmüddətli kapital qoyuluşları üçün risklərin qiymətləndirilməsində əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini vurğulaması məhz bu kontekstdə diqqət çəkir. Bu rəqəm təkcə kapital axınının həcmini deyil, eyni zamanda ölkənin müxtəlif mərhələlərdə beynəlxalq investorlar üçün formalaşdırdığı iqtisadi etimad mühitini də xarakterizə edir.

Lakin investisiya siyasətinin yeni mərhələsində əsas məsələ yalnız yeni kapital cəlb etməkdən ibarət deyil. Kapitalın iqtisadiyyatın hansı sahələrinə yönəldilməsi, hansı texnologiyaları gətirməsi, yerli şirkətlərin qlobal dəyər zəncirlərinə qoşulmasına necə təsir etməsi daha böyük əhəmiyyət qazanır. Prezident İlham Əliyevin çıxışında texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxışın investisiya münasibətlərinin mühüm komponentləri kimi vurğulanması da bunu göstərir. Beləliklə, Azərbaycanın investisiya siyasətində kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçid məsələsi aktuallaşır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu baxımdan yalnız investorların Azərbaycana dəvət olunduğu tədbir kimi deyil, ölkənin yeni iqtisadi prioritetlərinin beynəlxalq biznes ictimaiyyətinə təqdim edildiyi platforma kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışında enerji, logistika, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji, mədənçilik və insan kapitalına diqqət yetirməsi iqtisadi siyasətin çoxşaxəli istiqamət aldığını göstərir. Növbəti mərhələnin əsas çağırışı isə mövcud maliyyə və iqtisadi sabitliyi yüksək məhsuldarlıq, texnologiya və qeyri-xammal ixracı ilə birləşdirməkdən ibarətdir.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button