Rusiya Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında mühüm rola sahib idi. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmış oldu.
Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində həmkarı İlham Əliyevlə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Eyni zamanda, hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi reallaşıb. Mərasimdən sonra prezidentlər mətbuata bəyanatla çıxışlar ediblər. Prezident İlham Əliyev bildirib ki, görüş zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. O da vurğulanıb ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Belə ki, ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar səviyyəsində olub.
Prezidentlərin görüşündə dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, «Şimal-Cənub» layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, Azərbaycanın ərazisində «Şimal-Cənub» dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir: « Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.» Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Vurğulanıb ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Rusiya lideri isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil. Rusiya Prezidenti paytaxtımızın son illərdə daha da inkişaf etdiyini söyləyərək bildirib ki, Bakı yüksəlişi ilə bir növ regionun oazisinə çevrilib. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı