Rusiya – Azərbaycan münasibətləri strateji və mühüm əhəmiyyət kəsb edir
Azərbaycanı çox qədim tarixi köklər bağlayır, xalqlarımız 150 ildən çox bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir. Rusiyada yaşayan, müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, iki milyona qədər azərbaycanlının maraqları da bu əlaqələrin möhkəmlənməsini tələb edir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının maraqlarının diqtəsi ilə hərəkət edirdi, onun müdrik siyasəti Rusiya — Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edirdi. 1990-cı illərin əvvəllərində SSRİ çökdükdən və respublikalar müstəqillik qazandıqdan sonra yeni siyasi şəraitə uyğun diplomatik münasibətlərin qurulması, milli maraqlara cavab verən iqtisadi əlaqələrin saxlanması zamanın tələbi kimi meydana çıxmışdı. Bu tələblərə cavab verən, siyasətini bu istiqamətdə qura bilən dövlətlər keçid dövründən nisbətən ağrısız çıxa bildilər. Cavab verməyənlər isə ya siyasi sabitliyini itirib müxtəlif qüvvələrin mübarizə meydanına, ya da iqtisadi müstəqilliyini itirib başqasının forpostuna çevrildilər. Azərbaycan da ilk dövrdə bu təhlükələrlə üzləşmişdi. Taleyin qismətindən müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, bəzən də açıq xəyanəti ucbatından siyasi və iqtisadi böhran yaranmış, xarici təcavüz güclənmiş, vətəndaş müharibəsi reallaşmışdı. Bu amillərin üst-üstə düşməsi müstəqilliyi, dövlətçiliyi təhlükə altına almışdı. Bu təhlükəni aradan qaldıra bilməyən, respublikanı böhrandan çıxmağa qadir olmayan səriştəsiz rəhbərlər isə böyük qardaş axtarışına çıxmışdılar, gah bu, gah da o biri dövlətin qoltuğuna sığınmaq istəyirdilər. Bu da ölkə daxilində hakimiyyət böhranını gücləndirməklə bərabər, xarici münasibətlərə də ağır zərbə vururdu. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın yaxın qonşularla — Rusiya və İranla münasibətləri tamam pozulmuş, postsovet respublikaları ilə isə tam soyumuşdu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı bu təhlükələrdən qurtardı. Ümummilli lider təcrübəli bir siyasətçi kimi ölkə daxilində siyasi böhranı aradan qaldırdı, mahir bir diplomat kimi xarici siyasət sahəsində münasibətləri balanslaşdırdı. Ermənistan–Azərbaycan müharibəsində atəşkəs elan olundu, Azərbaycana zorla sırınmış qanlı müharibə dayandırıldı. Dünyanın transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatı bərpa etmək və ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Azərbaycanda inkişaf mərhələsi–Heydər Əliyev mərhələsi başladı. Xarici siyasətdə bu mərhələ yaxın qonşularla, birinci növbədə Rusiya ilə münasibətlərin yenidən qurulması və qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da inkişaf etdirilməsi ilə əlamətdar oldu. Rusiyada Azərbaycana, ümumiyyətlə postsovet məkanına mənsub qonşulara konstruktiv münasibət 2000-ci ildə hakimiyyət dəyişikliyindən və hakimiyyətə müasir düşüncəli yeni qüvvələr gəldikdən sonra başladı. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində 20-dən çox sənəd imzalanmaqla yanaşı, Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarşılıqlı əməkdaşlıq baxımından ümumi istifadədə qalması ilə əlaqədar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Birgə Bəyannamə” imzalandı. Bu, Xəzərin hüquqi statusu problemində hər iki dövlətin mövqe yaxınlığını rəsmi şəkildə əks etdirən, prinsip etibarilə Azərbaycanın ilk gündən dəstəklədiyi milli sektorlara bölünmə ideyasının gerçəkləşməsinin əsasını qoyan rəsmi sənəd idi. Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ildə Rusiyaya rəsmi səfəri isə Qəbələ RLS-in 10 illik icarəyə verilməsi ilə əlaqədar iki dövlət arasında sazişin imzalanması ilə yadda qaldı. Bu sazişin əhəmiyyəti o qədər böyük idi ki, həmin dövrdə aparıcı Rusiya mətbuatı yazırdı: “Rusiya ilə Azərbaycan arasında problem qalmadı”. Heydər Əliyev siyasətinin davam etdirilməsi isə, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin seçkiqabağı platformasının əsas prinsiplərindən biri idi. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi ilk səfərlərindən birini 2004-cü ilin fevralında Rusiyaya etmişdi və Rusiya Prezidenti Vladimir Putin bu məqamı çox yüksək qiymətləndirmişdi: “Mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi Moskvada salamlamağıma ürəkdən şadam. Bu, onun yeni vəzifədə — Prezident vəzifəsində xaricə ilk səfərlərindən biridir. Biz bunu Rusiya — Azərbaycan münasibətlərinə diqqət əlaməti kimi qiymətləndiririk”. Məhz bu diqqətin əlaməti olaraq, Rusiya Prezidenti Vladimir Putin 2005-ci ilin fevralında “Rusiya Federasiyasında Azərbaycan Respublikası ilinin və Azərbaycan Respublikasında Rusiya Federasiyası ilinin keçirilməsi” haqqında sərəncam imzaladı. Sərəncamın həyata keçirilməsi üzrə təşkilat komitəsinin səviyyəsi Rusiya rəhbərliyinin bu məsələyə diqqətinin göstəricisi idi: Rusiya Prezidenti Administrasiyasının rəhbəri D.Medvedev (sədr), Rusiya Nazirlər Kabineti sədrinin 1-ci müavini A.Jukov (müavin), Dövlət Duması sədrinin 1-ci müavini L.Sliska, Federasiya Şurası sədrinin 1-ci müavini A.Torşin, Moskvanın meri Y.Lujkov, Rusiya xarici işlər nazirinin 1-ci müavini V.Loşinin, LUKoyl-un prezidenti V.Ələkbərov, Rusiya EA-nın prezidenti Y.Osipov, MDU-nun rektoru V.Sadovniçi və başqaları. Qeyd etmək lazımdır ki, Rusiya–Azərbaycan münasibətlərinin inkişafı baxımından Rusiya Federasiyasının yeni Prezidenti Dmitri Medvedevin Azərbaycana hazırkı səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu, D.Medvedevin prezident vəzifəsində ilk xarici səfərlərindən biridir və eks-prezident V.Putinə istinad etsək, Rusiya –Azərbaycan münasibətlərinə diqqət kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Rusiya Prezidenti də bu məqamı qeyd etdi və Rusiya – Azərbaycan münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev də ali qonağı yüksək səviyyədə qarşıladı və onun prezident vəzifəsində işə başlamasından az sonra Azərbaycana rəsmi səfər etməsini Rusiya – Azərbaycan münasibətlərinin ruhuna uyğun olduğunu vurğuladı. Qeyd etdi ki, bu səfər ölkələrimiz arasında münasibətləri daha da möhkəmlədəcəkdir. Ölkələrimiz arasında münasibətlər ənənələrə, tarixə əsaslanır. Dostluq, mehriban qonşuluq və strateji münasibətlər kimi səciyyələnən bu münasibətlər Azərbaycanın milli maraqlarına tam cavab verir. Prezident əminliyini bildirdi ki, müzakirə olunan, planlaşdırılan məsələlər, səfərin yekunlarına əsasən imzalanacaq sənədlər yerinə yetiriləcək və ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksələcəkdir. Bu münasibətlər bundan sonra da tərəfdaşlıq, strateji və dostluq münasibətləri kimi səciyyələnəcəkdir.
22 aprel 2024-cü il tarixində də, Rusiya və Azərbaycan hökumətləri arasında iki ölkə başçılarının görüşü keçirildi. Burada perspektiv əməkdaşlığın iki ölkə arasında hal-hazırda proitet məsələyə çevrilməsindən söhbət açıldı. Bildiyimiz kimi, iki ölkə arasında əlaqələrin dərin kökləri Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasi kursuna köklənir. Hesab edirəm ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr gələcək dövrlərdə də layiqincə və uğurla davam etdiriləcək.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı