
“8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi və bərpaolunan enerji strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuş, qısa müddət ərzində layihə uğurla tamamlanmışdır. Bu fakt ölkədə iri enerji layihələrinin planlı və sistemli şəkildə icra edildiyini bir daha təsdiqləyir. Layihənin investoru olan “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu əməkdaşlıq davamlı xarakter daşıyır və gələcəkdə daha genişmiqyaslı layihələrlə inkişaf etdiriləcək. Ümumən son illər ölkədə yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və məsuliyyətli proses kimi xarakterizə olunur. Xüsusilə bərpaolunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası yüksək peşəkarlıq və ciddi maliyyə resursları tələb edir. Bu baxımdan həm yerli energetiklərin, həm də beynəlxalq tərəfdaşların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Layihənin tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti də uğurlu beynəlxalq əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib.
“Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sisteminin modernləşdirilməsinin son 20 ildə dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Bu müddət ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmiş, ümumi generasiya gücü təxminən üç dəfə artırılaraq 10 min meqavat səviyyəsinə çatdırılmışdır. Bu göstərici ölkənin enerji təhlükəsizliyi baxımından mühüm nailiyyət hesab olunur. Mingəçevirdə istismara verilmiş 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası, eləcə də son illərdə istifadəyə verilən Günəş və külək elektrik stansiyaları bu balanslı yanaşmanın real nəticələrini nümayiş etdirir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda inşa edilən Günəş elektrik stansiyaları Qarabağın “yaşıl enerji zonası”na çevrilməsi strategiyasının tərkib hissəsidir”.
Rəşadət Xalıqov əlavə edib ki, hazırda Azərbaycanda bərpaolunan enerji layihələrinin coğrafiyası genişlənməkdədir. Qaradağ, Xızı, Abşeron, Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə həyata keçirilən layihələr ölkənin təbii potensialının səmərəli istifadəsinə imkan yaradır. Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan yüksək külək potensialı isə ölkənin gələcəkdə regionun aparıcı “yaşıl enerji” istehsalçılarından birinə çevriləcəyini deməyə əsas verir. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Artan generasiya güclərinin səmərəli idarə olunması məqsədilə ölkədə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradılmasına da başlanılmışdır.
Onun sözlərinə görə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyini təmin etməklə yanaşı, “yaşıl enerji” istiqamətində uzaqgörən və praqmatik siyasət yürüdür və regionun etibarlı enerji tərəfdaşı mövqeyini daha da möhkəmləndirir.



