
“Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkənin uzunmüddətli infrastruktur siyasətinin məntiqi davamı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı son 20 ildə həyata keçirilən sistemli islahatların nəticələrini və qarşıdakı dövr üçün prioritetləri aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, son iyirmi il ərzində ölkədə bir neçə regional inkişaf proqramı qəbul edilmiş və bu proqramlar uğurla icra olunmuşdur. Nəticədə həm Bakıda, həm də bölgələrdə əsas infrastruktur problemləri aradan qaldırılmışdır.”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, son 20 ildə ölkəmizdə dörd böyük su anbarı inşa edilmiş və onların ümumi həcmi 500 milyon kubmetrdən artıqdır. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi Bakının və ölkənin qərb bölgələrinin su təminatında həlledici rol oynamışdır. Eyni zamanda, Ceyranbatan su anbarı tamamilə yenidən qurulmuş, müasir sutəmizləyici qurğular istismara verilmişdir. Müşavirədə dövlət başçımız çıxışında Ermənistanın işğal dövründə Azərbaycana qarşı həyata keçirdiyi su terrorunu da xatırlatmışdır. Sərsəng və Suqovuşan su anbarlarından sudan təzyiq vasitəsi kimi istifadə edilməsi bölgədə ciddi ekoloji və humanitar problemlər yaratmışdır. Bu gün isə həmin su anbarları, eləcə də azad edilmiş ərazilərdə yerləşən digər su obyektləri tamamilə bərpa olunmuş və yenidən istismara verilmişdir. Azərbaycanın su ehtiyatlarının bir hissəsinin işğaldan azad edilmiş ərazilərdə formalaşması ölkənin su təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmişdir.
“2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhəri, Abşeron yarımadası və Sumqayıt üçün yeni inkişaf mərhələsi açır. Proqramın əsas məqsədi regionun dayanıqlı içməli su ilə təmin olunmasıdır. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz su təminatının 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin azaldılması, kanalizasiya şəbəkələrinin genişləndirilməsi və yağış sularının idarə olunması üzrə mühüm layihələr həyata keçiriləcək. Proqramın icrası nəticəsində Bakının 30 küçəsində yeni kollektor şəbəkələri qurulacaq, dənizə buraxılan suların tam təmizlənməsi təmin ediləcək. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi də əsas prioritetlər sırasındadır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, ilk dəfə olaraq ölkədə duzsuzlaşdırma zavodu da inşa ediləcəkdir. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Abşeron yarımadasının su təminatında alternativ və dayanıqlı mənbə yaradacaq. Bununla yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Samur-Abşeron kanalının infrastrukturu daha da təkmilləşdiriləcək.
Onun sözlərinə görə, Prezident İlham Əliyev proqramın icrasına ciddi nəzarətin həyata keçiriləcəyini, ictimai nəzarətin təmin olunmasının vacibliyini və işlərin vaxtında, keyfiyyətlə başa çatdırılmasının əsas prinsip olduğunu vurğulamışdır. Qəbul edilən Dövlət Proqramı göstərir ki, Azərbaycan su təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirir və bu sahədə uzunmüddətli, sistemli siyasət yürüdür.



