Rəşadət Xalıqov: Azərbaycan enerji diplomatiyasının, qlobal əməkdaşlığın və yaşıl keçidin lideridir

“İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 30-cu “Baku Energy Forum” çərçivəsində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji strategiyasını və bu strategiyanın regional, həm də qlobal miqyasda yaratdığı təsiri geniş şəkildə təhlil etdi. Onun çıxışı həm keçmişə dərin nəzər, həm də gələcəyə strateji baxış idi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 1994-cü ildə təşkil edilən ilk neft-qaz sərgisi ilə başlanan yol ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə “Əsrin müqaviləsi” kimi tarixə düşən və Azərbaycanın beynəlxalq enerji arenalarına çıxışını təmin edən müqaviləyə gətirib çıxardı. O dövrdə ölkə ciddi siyasi və iqtisadi böhranla üz-üzə idi: vətəndaş müharibəsinin izləri, işğal altındakı torpaqlar, 1000 faizi aşan inflyasiya və genişmiqyaslı yoxsulluq. Bu şəraitdə enerji sektorunda beynəlxalq əməkdaşlıq Azərbaycanın iqtisadi sabitliyi və müstəqilliyi üçün yeganə çıxış yolu idi. Bu gün isə Azərbaycan siyasi sabitliyi, davamlı iqtisadi artımı və strateji enerji layihələri ilə regionun əsas aktorlarından birinə çevrilmişdir. Neft və qazın ÜDM-dəki payı 30%-dən artıqdır. Xarici borcun ÜDM-ə nisbəti isə cəmi 7%-dən azdır və maliyyə ehtiyatlarımız bu borcu 14 dəfə üstələyir. Yoxsulluq səviyyəsinin 5%-ə endirilməsi milli sərvətlərin ədalətli bölüşdürülməsinin və düzgün sosial-iqtisadi siyasətin nəticəsidir. Bununla yanaşı, savadlılıq səviyyəsinin 100% olması və təhsilə edilən böyük investisiyalar Azərbaycanın insan kapitalı siyasətində də uğurlu yol tutduğunu göstərir.
“Neft və qazla zəngin olan Azərbaycanın yaşıl enerji sahəsində apardığı siyasət bir çox ölkəyə nümunədir. 2030-cu ilə qədər 6,5 giqavat gücündə bərpaolunan enerji istehsalı planlaşdırılır ki, bu da ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Bu strategiya bir neçə milyard kubmetr təbii qazın qənaət edilməsinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Eyni zamanda, COP29-un Azərbaycanda keçirilməsi və uğurla başa çatdırılması ölkəmizin beynəlxalq iqlim siyasətində nüfuzunun artmasına səbəb oldu. İtki və Zərər Fondu, inkişafda olan ölkələr üçün maliyyə dəstəyinin 300 milyard dollara qədər artırılması və karbon bazarının işə salınması bu tədbirin real nəticələridir.
Azərbaycan bu forumda Qlobal Şimal və Qlobal Cənub arasında körpü qurmaqla inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında etimadın formalaşmasına da böyük töhfə verdi. Kiçik ada dövlətləri üçün yardım paketi isə ölkəmizin beynəlxalq həmrəylik prinsipinə sadiqliyini göstərdi”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də enerji diplomatiyasının, qlobal əməkdaşlığın və yaşıl keçidin lideridir. Enerji resurslarının ağıllı idarə olunması və dayanıqlı inkişaf strategiyası sayəsində ölkəmiz geosiyasi önəmini qorumaqla yanaşı, bəşəriyyətin gələcəyinə də mühüm töhfələr verir.