
“2026-cı ilin 1 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana etdiyi səfər rəsmi Bakı ilə Brüssel arasındakı münasibətlərin inkişafında həlledici və misli görünməmiş bir mərhələnin göstəricisidir. Bu səfər mütəmadi xarakter alan yüksək səviyyəli diplomatik dialoqun məntiqi davamıdır. Belə ki, 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Azərbaycanda səfərdə olmuşdur. Tərəflər arasında müşahidə edilən bu unikal dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı gücləndirmək istiqamətindəki qəti siyasi iradəsini əks etdirir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu qoruyub saxlayır və ölkənin ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Aİ dövlətlərinin payına düşür. Öz növbəsində Azərbaycan da Aİ üçün Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşdır. Regionun Avropa ilə apardığı ticarətin təxminən 70 faizi rəsmi Bakı vasitəsilə həyata keçirilir. Azərbaycanın uğurlu diplomatik fəaliyyəti və düzgün yönləndirilmiş maliyyə sərmayələri nəticəsində Avropanın enerji arxitekturasında ciddi dəyişikliklər baş vermişdir. Hazırda ölkənin ümumi qaz ixracının yarısı birbaşa Avropa İttifaqı bazarına yönləndirilir və ümumilikdə 10 Aİ üzvü Azərbaycan qazını alır. 3500 kilometr uzunluğunda olan və vahid boru kəməri sistemlərini birləşdirən Cənub Qaz Dəhlizi bu nəhəng enerji nəqlinin əsas arteriyası rolunu oynayır.
O əlavə edib ki, eyni zamanda, Avropa Komissiyası ilə əlaqələrin yeni, lakin kifayət qədər perspektivli istiqaməti bərpaolunan enerji sektorudur. İmzalanmış mövcud müqavilələr əsasında növbəti beş-altı il ərzində Azərbaycan 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyi planlaşdırır və bu həcmlərin gələcəkdə daha da artacağı gözlənilir. Regional və qlobal daşımalar layihələrinin fəal iştirakçısı olan Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə strateji bağlantı mərkəzinə çevrilmişdir. Qonşu dövlətlər və onların da qonşuları ilə qurulan sağlam münasibətlər, bütün iştirakçıların fayda əldə etdiyi geniş əməkdaşlıq formatının yaradılmasına imkan vermişdir. Yeni geosiyasi reallıqların tələblərinə cavab olaraq, Azərbaycan öz maliyyə imkanları hesabına dəniz limanlarının və dəmir yolu infrastrukturunun ötürücülük qabiliyyətini davamlı olaraq genişləndirir və yüklərin həcmi bütün istiqamətlərdə artmaqdadır.
Rəşadət Xalıqov qeyd edib ki, 30 illik işğala güc və siyasi diplomatik vasitələrlə son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan bu gün regionda sülh təşəbbüskarı kimi çıxış edir. Bu sülh prosesinin ən pik nöqtəsi ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə qeydə alınmışdır. Prezident Trampın iştirakı və şahid qismində imzası ilə Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamə imzalanmışdır. Eyni zamanda sülh sazişinin mətni paraflanmış və bununla da regionda de-fakto sülh bərqərar olmuşdur. Azərbaycan dövləti sülhün sadəcə diplomatik masalarda, kağız üzərində qalmadığını sübut etmək üçün misilsiz birtərəfli addımlar atıb. Torpaqların Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmiş bütün tranzit məhdudiyyətləri aradan qaldırılmış və Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən daşınmasına şərait yaradılmışdır. Bugünkü mürəkkəb geosiyasi vəziyyətdə həyati əhəmiyyət daşıyan benzin və dizel daxil olmaqla, mühüm yanacaq növlərinin Ermənistana təchizatına başlanılmışdır.
Rəşadət Xalıqov əlavə olaraq bildirib ki, Azərbaycan nümayiş etdirir ki, sülh artıq mücərrəd bir ideal deyil. Gündəlik həyatda hiss olunan, vərdiş edilən və inkişaf etdirilən daxili bir ehtiyacdır. Əldə olunmuş reallığı əbədi və sarsılmaz etmək böyük siyasi iradə tələb edir. Avropa Komissiyasının bu prosesə hər cür kömək və dəstək göstərmək niyyəti isə Cənubi Qafqazı ərazi iddialarından və qanlı münaqişələrdən həmişəlik təmizləyərək, onu qlobal əhəmiyyətli tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcəkdir.



