AnalitikaGündəmSiyasət

Regional reallıqlar və Azərbaycanın inkişaf yolu

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Dövlət başçısı müsahibə zamanı Azərbaycan dövlətinin hazırkı vəziyyəti, gələcək inkişaf prioritetləri, regional proseslər, sosial siyasət, iqtisadi inkişaf, təhlükəsizlik və diplomatik münasibətlərlə bağlı mühüm məqamlara toxunaraq həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə ciddi mesajlar ünvanladı. Bu müsahibə Azərbaycan siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən konseptual baxışların açıqlanması kimi də dəyərləndirilə bilər.Prezident ilk növbədə ölkənin son illərdə keçdiyi tarixi inkişaf yolunu, dövlətin güclənməsini, əldə olunan təhlükəsizlik və siyasi sabitliyi vurğuladı. O qeyd etdi ki, bu gün Azərbaycan müstəqil, güclü, beynəlxalq arenada öz sözünü deyən dövlət kimi qəbul olunur.

Xüsusilə post-münaqişə dövründə formalaşan yeni regional reallıqlar fonunda Azərbaycanın lider mövqeyi, siyasi iradəsi və strateji qərarları ölkənin gələcək inkişafına mühüm təsir göstərir. Müsahibədə bildirilən fikirlərdən biri də Azərbaycanın sülh gündəliyinə sadiqliyi və regionda uzunmüddətli stabilliyin təmin edilməsi istiqamətində göstərilən səylərlə bağlı idi.İqtisadiyyat mövzusuna xüsusi yer verən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf modelinə keçib. O, neft gəlirlərindən asılılığın tədricən azaldılması, qeyri-neft sektorunun genişləndirilməsi, sənayeləşmə, kənd təsərrüfatının inkişafı, rəqəmsal iqtisadiyyatın təşviqi kimi məsələləri önə çəkdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan bu gün böyük infrastruktur layihələrini uğurla icra edir, ölkəyə yeni sərmayələr cəlb olunur və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Bunun nəticəsi olaraq sosial rifahın yüksəlməsi, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yaxşılaşması təmin edilir.Müsahibədə sosial siyasət də ayrıca vurğulanan istiqamətlərdən biri oldu. Prezident bildirib ki, dövlətin əsas məqsədi vətəndaş rifahını təmin etmək, sosial ədaləti möhkəmləndirmək, həssas təbəqələrin müdafiəsini gücləndirməkdir. O, əməkhaqlarının, pensiyaların, sosial təminatın artırılması, şəhid ailələri və qazilərə göstərilən qayğı, dövlət proqramlarının icrası barədə danışaraq sosial siyasətin davamlı xarakter daşıdığını qeyd etdi. Eyni zamanda işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq prosesinin sürətlə aparılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması məsələsi də müsahibənin mühüm mövzuları sırasında yer aldı.Azərbaycanın xarici siyasəti ilə bağlı danışan Prezident İlham Əliyev ölkənin balanslaşdırılmış, müstəqil və çoxşaxəli diplomatiya xəttini xüsusi vurğuladı.

O bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı, dost ölkələrlə tərəfdaşlığı, regional əməkdaşlıq layihələrini və qlobal təşəbbüsləri davam etdirir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, ədalətə və sülhə xidmət edir.Müsahibə həm siyasi analitiklər, həm də geniş ictimaiyyət tərəfindən diqqətlə izlənildi və geniş müzakirələrə səbəb oldu. Verilən mesajlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəyə inamla addımlayan, sosial-iqtisadi inkişafı prioritet seçən, regional və beynəlxalq miqyasda söz sahibi olan dövlət olaraq strateji hədəflərinə doğru irəliləyir. Bu müsahibə yalnız ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi deyil, həm də gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button