Analitika

Radikal müxalifətin seçkiyə yanaşması

Ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi inkişaf bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş, lider dövlətinə çevrilməsi, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu sayəsində mühüm diplomatik uğurlar qazanması, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi və quruma rəhbərlik etməsi, demokratik təchizatların yüksək inkişafı, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması bəzi milli maraqlara zidd qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Bir sıra anti-Azərbaycan dailərinin əlində alətə çevrilən, dövlətçilik və xalq maraqlarının ziddinə mövqe tutan radikal müxalifət düşərgəsinin son dövrlərdə apardığı antimilli siyasət bunu deməyə əsas verir.

Siyasi partiyanın və siyasətçilərin bir nömrəli məqsədi seçkidə qalib olmaqdır. Seçki çətin, mərhələli prosesdir. Siyasi partiya sədri xalq və üzvləri qarşısında məsuliyyət daşıyır. Seçkiyə qatılıb-qatılmamağı hər bir siyasi partiyanın öz daxili işi də saymaq olar. Amma seçkilərə qatılmamağın səbəbini düzgün qeyd etmək lazımdır. Burada manipulyasiyaya yer olmamalıdır. “Ölkədə azad və ədalətli seçki mühiti yoxdur”, “Siyasi həbslər var, demokratiya boğulur” və sair bu kimi populist çıxışlarla “boykot” qərarını əsaslandırmaq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.

Seçkidə iştirak etməmələrinin səbəbini açıq desinlər. Bildirsinlər ki, üzvlərimiz, tərəfdarlarımız yoxdur, imza yığmaqda çətinlik çəkirik, maliyyə resurslarımız yoxdur, hazır deyilik və sair. Seçkini boykot etmək siyasətçi və siyasi partiyanın ən zəif nöqtəsidir. Hər dəfə seçkiləri boykot edən partiya və siyasətçi hansı üzlə, hansı məqsədlərlə siyasi mübarizədən danışır? Seçki prosesinə qatılan siyasi partiyaları gözdən salmaq, onları “satqın”, “yaltaq”, “qorxaq” adlandırmaq radikallara başucalığı gətirməyəcək.

AXCP sədri Əli Kərimli gələn il keçiriləcək növbədənkənar seçkiləri boykot qərarı verib. Olsun! Amma o, bununla kifayətlənmir. Digər siyasi partiyalara da çağırış edir ki, onlar da boykot kampaniyasına qoşulsunlar. Maraqlıdır ki, bu günə qədər az qala bütün seçkiləri boykot edən AXCP nə əldə edib? Bundan sonra nə əldə edəcək.
Dağlıq Qarabağ problemini alver predmetinə çevirən, dövlətinin uğurlarına qara yaxan, hakimiyyət hərisliyi ilə milli maraqları hər an tapdamağa hazır olan radikal düşərgə bir daha sübut etdi ki, yalnız xarici sponsorların barmaq əmrləri ilə oturub-qalxır. Xarici dairələr isə onlardan yalnız xəyanət planlarından istifadə olunmasının mümkünlüyünü dərk edir və bundan da məharətlə yararlanırlar.

İnsan və vətəndaş, hüquq və azadlıqlarının mütəmadi olaraq təmin və müdafiə olunması, demokratiyanın inkişafı istiqamətində davamlı olaraq mühüm addımların atılması Azərbaycanın seçdiyi inkişaf yolunun aydın təzahürləridir. Azərbaycan dünya birliyinə və Avroatlantik məkana inteqrasiya kursunu seçib. Ona görə də demokratiya Azərbaycan üçün fəaliyyət prinsipidir. Ölkə məhz bu fundamental dəyərlər üzərində fəaliyyət göstərir və həmin dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına xüsusi diqqət yetirir. Bütün bunların məntiqi nəticəsi kimi, müasir dünya Azərbaycanın demokratik inkişafını olduqca yüksək qiymətləndirir.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button