Analitika

Qubadlının azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı

Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Xüsusi şəkildə vurğulamaq lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. 25 oktyabr da azərbaycanlılar üçün belə yaddaşlara yazılan qürurlu günlərdəndir. Vətən müharibəsində bu gün Qubadlı rayonu Müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığa qovuşdu. Onu da deyək ki, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olub. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var idi. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhəddini son 27 ildə ilk dəfə bərpa etdi, silahlı qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməsi üçün möhtəşəm imkan əldə olundu. Qubadlının azad olunması zamanı Azərbaycan Ordusu xüsusi peşəkarlıq, fədakarlıq göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğalçılardan azad olundu. Rayonun azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı.

Şanlı qələbə ilə bitən Vətən Müharibəsindən sonra azad edilmiş rayonlarımızda genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Hal-hazırda Qubadlı rayonunda da quruculuq işləri sürətlə davam etdirilir. Bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa edilir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur.Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Artıq Prezident İlham Əliyevin Qubadlıda təməlini qoyduğu obyektlərin əksəriyyəti fəaliyyət göstərir. Qubadlının əvvəlki siması özününə qaytarılır. Burada yenidən əvvəlki kimi həyat qaynayacaq.  İşğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq, biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button