Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilmişdi. 27 ildən sonra Qubadlı öz azadlığına qovuşdu. Şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Qubadlının azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Ona görə ki, Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Ordumuz Laçın rayonunun cənub hissəsində yerləşən kəndləri azad etdikdən, strateji yüksəkliklər ələ keçirdikdən sonra Laçın dəhlizi nəzarətə götürülür. Qubadlıdan sonra isə Şuşa şəhəri işğaldan azad edildi. Erməni vandalizminin, vəhşiliyinin izləri Qubadlıdan da yan keçməyib. Ermənilər işğal dövründə rayonu yerlə-yeksan edib, talayıb, bütün binalar, kəndlər, qəsəbələr, dini- mədəni, tarixi abidələr dağıdılıb. Eyni zamanda Qubadlı ərazisində Xanlıq kəndində qanunsuz məskunlaşma aparılıb, xaricdən gətirilən ermənilər burada yerləşdirilib. Bu da Ermənistanın daha bir cinayətidir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Bu gün isə təqvimdə 2024-ci il 25 oktyabr – Qubadlı rayonunun işğaldan azad olunması tarixidir. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Hazırda azad olunmuş digər ərazilərimiz kimi Qubadlıda da dövlət tərəfindən bir çox mühüm layihələr həyata keçirilir, strateji əhəmiyyət daşıyan dördzolaqlı yol salınır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi