25 oktyabr tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Bu gün, Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü, Azərbaycan xalqının Qarabağdakı qələbə yolunun ən əhəmiyyətli hadisələrindən birini xatırladır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinə çevrildi. Şəhərin azad edilməsi bir neçə gün sürən şiddətli döyüşlər nəticəsində baş verdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, şəhərin ətrafındakı yüksəklikləri ələ keçirərək Azərbaycan Ordusuna müqavimət göstərməyə çalışmışdılar. Lakin ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndi, Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildi. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun 44 günlük müharibədə strateji üstünlüyü təmin etdi və qələbəni yaxınlaşdırdı.
Qubadlının azad edilməsindən sonra rayonda geniş bərpa işlərinə start verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 25 oktyabr tarixi Qubadlı şəhəri günü kimi müəyyən edilib. Bu qərar, Qubadlının azad edilməsi və onun bərpası ilə əlaqədar tarixi günün əbədiləşdirilməsi məqsədi daşıyır.
Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının iradəsinin, Azərbaycan Ordusunun gücünün və Azərbaycanın haqq savaşının qələbəsi olaraq hər il qürurla qeyd ediləcəkdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı