Analitika

Qubadlının azad edilməsi qələbəyə yaxınlaşmaq demək idi

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. İşğaldan qabaqkı son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. Rayon mərkəzindəki müasir tipli xəstəxana şəhərciyi, ATS, ticarət mərkəzi, univermaq, universam, bazar, mehmanxana, kitab evi, Mahruzlu kəndindəki poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, İşıqlı, Diləli, Müskanlı kəndlərindəki kitabxana binaları da işğaldan qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur.  Ermənilər burada sözün əsl mənasında vandallıq törətmiş, hər yeri xarabalığa çevirmişlər. Lakin Müzəffər Ali Baş Komandanın əmri ilə 2020-ci il oktyabrın 25-də Şanlı Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. Qubadlının azad edilməsi bizi qələbəyə bir addım daha yaxınlaşdırdı. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq, təmir-abadlıq işləri aparılacaq və Qubadlı sakinləri öz dədə-baba torpaqlarına tezliklə qayıdacaqdır!

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button