Qubadlı əməliyyatının hərbi-strateji əhəmiyyəti və Ali Baş Komandanın rəhbərliyi

Azərbaycan Ordusunun Qubadlı istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar ölkənin hərbi doktrinasına və müasir müharibə taktiki tələblərinə tam uyğun şəkildə planlaşdırılmışdır. Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında keçirilən bu əməliyyat düşmənin cənub-qərb istiqamətindəki strateji kommunikasiyalarının nəzarətə götürülməsini təmin etmişdir. Hərbi rəhbərliyin operativ qərarları nəticəsində düşmən qüvvələri taktiki mühasirə təhlükəsi ilə üz-üzə qalmışdır.
Rayonun relyefinin mürəkkəb dağlıq və meşəlik olması hərbi qulluqçularımız qarşısında xüsusi mühəndis-taktiki tapşırıqlar qoymuşdu. Müdafiə Nazirliyinin məlumatına əsasən, Xüsusi Təyinatlı Qüvvələr və digər qoşun növləri bu çətinlikləri peşəkarlıqla dəf edərək düşmənin möhkəmləndirilmiş istehkamlarını darmadağın etmişlər. Bu əməliyyat Azərbaycan hərb elminin və ordunun döyüş hazırlığının yüksək səviyyəsini nümayiş etdirmişdir.
Strateji yüksəkliklərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə digər istiqamətlərdə də əlverişli mövqelər qazandırmışdır. Hərbi analitiklər bu əməliyyatı regiondakı qüvvələr balansını tamamilə dəyişən və düşmənin müqavimətini qıran əsas hərbi addımlardan biri kimi qiymətləndirmişlər. Dövlət başçısının hərbi strategiyası düşmənin hər cür təchizat və təminat xətlərini iflic etmişdir.
Qubadlı əməliyyatının uğurlu nəticələri rəsmi hesabatlarda və hərbi bülletenlərdə geniş şəkildə işıqlandırılmışdır. Ordumuzun nümayiş etdirdiyi döyüş qabiliyyəti beynəlxalq hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu qələbə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olduğunu rəsmi şəkildə sübut etmişdir.
Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini


