
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafında növbəti mühüm addım kimi qiymətləndirilir. Görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi Azərbaycan-Ukrayna münasibətlərinin siyasi, iqtisadi, energetika və hərbi-texniki sahələr üzrə daha da dərinləşdiyini bir daha göstərdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi əlaqələrin dinamik xarakter daşıdığını təsdiqləyir. Dövlət başçısı xatırlatdı ki, Prezident Volodimir Zelenski Azərbaycana ilk dəfə 2019-cu ildə səfər edib və həmin vaxtdan formalaşan şəxsi münasibətlər ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.
Prezident qeyd etdi ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın güclü siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda strateji tərəfdaşlığa dair imzalanmış sənədlərdə qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsi prinsipləri öz əksini tapmışdır. Bu prinsiplərin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə dəstəkləndiyi də vurğulanıb.
Görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə yeni birgə layihələrin, eləcə də sərmayə təşəbbüslərinin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi də iqtisadi münasibətlərin inkişafının mühüm göstəricisi kimi qiymətləndirilib.
Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Dövlət başçısı qeyd edib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal, həmçinin sənaye kooperasiyası üçün əlverişli imkanlar mövcuddur. Bu istiqamətdə konkret perspektivlərin müzakirə olunduğu bildirilib.
Prezident İlham Əliyev ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini münasibətlərdə mühüm hadisə kimi qiymətləndirib. Növbəti mərhələdə bu tədbirlərin Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması əməkdaşlığın daha da genişləndirilməsi niyyətini ortaya qoyur.
Qəbələ görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmətə, ortaq maraqlara və strateji tərəfdaşlığa əsaslanır. Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaq.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



