Prezident İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı xüsusi tarixi əhəmiyyət kəsb edir. Prezidentin Qarabağ Universitetində yaradılmış şərait ilə yaxından tanış olması və ən əsası tələbələr ilə görüşü bir daha ölkə başçısının təhsil siyasətinə verdiyi töhfənin bariz nümunəsidir. Dövlətimizin başçısının tələbələrlə görüşüzamanı çıxışında bildirdiyi fikirlər bütün dünyaya verilən əsaslı mesajlar idi.
Cənab İlham Əliyevinin çıxışında: “Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik”.
Qarabağ Universiteti, həmçinin gənclərimizin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına şərait yaradacaq. Bu təhsil ocağı regionun sosial-iqtisadi inkişafına böyük təkan verəcək və Qarabağın beynəlxalq səviyyədə tanınmış bir təhsil və tədqiqat mərkəzi kimi mövqeyini gücləndirəcək. Universitet, həmçinin Qarabağın mədəni və tarixi irsini qorumaq və inkişaf etdirmək baxımından da əhəmiyyətli bir rol oynayacaq. Universitetin gələcək perspektivləri çox ümidvericidir. Onun müasir texnologiyalarla təchiz olunması, beynəlxalq təhsil standartlarına uyğun proqramların tətbiqi və akademik əməkdaşlıqların genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, universitetin beynəlxalq universitetlər və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etməsi, burada aparılan elmi-tədqiqatların qlobal səviyyədə tanınmasına şərait yaradacaq. Bu təhsil ocağı gələcəkdə regionun elmi mərkəzi olmaqla yanaşı, beynəlxalq arenada tanınmış bir təhsil müəssisəsinə çevriləcək, Azərbaycanın təhsil sisteminin inkişafına, ölkənin elmi potensialının artırılmasına və regionda elmi və texnoloji irəliləyişlərin təmin edilməsinə böyük töhfə verəcək.
Qarabağ Universitetinin yaradılması Azərbaycanın təhsil və elmi inkişafına verilən ən böyük töhfələrdən biri olacaq. Bu universitet, Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Qarabağın yenidən qurulması prosesinin ayrılmaz bir hissəsi kimi tarixi əhəmiyyətə malikdir. Universitetin gələcəkdə regionun mədəni, sosial və iqtisadi inkişafında böyük rol oynayacağına heç bir şübhə yoxdur. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında atdığı bu addımlar, xalqımızın Qarabağ torpaqlarına olan bağlılığını və bu ərazilərin gələcək nəsillərə layiqincə ötürülməsini təmin edəcək.
Həsənova Səbinə,
YAP-ın fəalı