Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşında qürur, fəxarət yaradıb. Qarabağ Universiteti məhz Vətən müharibəsində və onun davamı olaraq lokal antiterror aksiyasında qələbələrimizin xalqımıza daha bir layiqli töhfəsi, suverenliyimizin tam bərpası ilə bağlı tarixi ədalətin önəmli təcəssümüdür. Bu universitet işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayacaq ilk ali təhsil müəssisəsi kimi də tariximizə düşür. Tarixi ədalətin bərpa olunması baxımından Qarabağ Universitetinin məhz Xankəndidə olması da xüsusi önəm daşıyır.
Qarabağ Universitetinin yaradılması çox mühüm tarixi hadisədir. Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var. Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirakı, müəllim-tələbə heyəti ilə görüşü dövlətimizin başçısının təhsilə, işğaldan azad olunmuş ərazilərimizin ümumi inkişafına, bölgənin təhsil infrastrukturunun yaradılmasına önəm verdiyini bir daha təsdiqləyir. Eyni zamanda, Qarabağ Universiteti və işğaldan azad olunmuş digər ərazilərdə təhsil infrastrukturunun yaradılması həm də yenidən qurulacaq rayonların, şəhərlərin, kəndlərin, qəsəbələrin təhsilyönümlü olması istiqamətində görülən işlərdən irəli gəlir. Aparılan işlər dünyanın təhsil tutumlu ölkələrində mövcud olan təhsil infrastrukturundan heç də geri qalmır.
Qarabağ Universiteti, həmçinin gənclərimizin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına şərait yaradacaq. Bu təhsil ocağı regionun sosial-iqtisadi inkişafına böyük təkan verəcək və Qarabağın beynəlxalq səviyyədə tanınmış bir təhsil və tədqiqat mərkəzi kimi mövqeyini gücləndirəcək. Universitet, həmçinin Qarabağın mədəni və tarixi irsini qorumaq və inkişaf etdirmək baxımından da əhəmiyyətli bir rol oynayacaq. Universitetin gələcək perspektivləri çox ümidvericidir. Onun müasir texnologiyalarla təchiz olunması, beynəlxalq təhsil standartlarına uyğun proqramların tətbiqi və akademik əməkdaşlıqların genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, universitetin beynəlxalq universitetlər və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etməsi, burada aparılan elmi-tədqiqatların qlobal səviyyədə tanınmasına şərait yaradacaq. Bu təhsil ocağı gələcəkdə regionun elmi mərkəzi olmaqla yanaşı, beynəlxalq arenada tanınmış bir təhsil müəssisəsinə çevriləcək, Azərbaycanın təhsil sisteminin inkişafına, ölkənin elmi potensialının artırılmasına və regionda elmi və texnoloji irəliləyişlərin təmin edilməsinə böyük töhfə verəcək.
Qarabağ Universitetinin yaradılması Azərbaycanın təhsil və elmi inkişafına verilən ən böyük töhfələrdən biri olacaq. Bu universitet, Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Qarabağın yenidən qurulması prosesinin ayrılmaz bir hissəsi kimi tarixi əhəmiyyətə malikdir. Universitetin gələcəkdə regionun mədəni, sosial və iqtisadi inkişafında böyük rol oynayacağına heç bir şübhə yoxdur. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında atdığı bu addımlar, xalqımızın Qarabağ torpaqlarına olan bağlılığını və bu ərazilərin gələcək nəsillərə layiqincə ötürülməsini təmin edəcək.
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı