“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyətilə yadda qaldı
“Prezident İlham Əliyevin də iştirak etdiyi ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu xüsusi əhəmiyyətə malikdir. Forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.
Rəşadət Xalıqov bildirib ki, forumda Prezident İlham Əliyevin Qranada görüşünə getməməsinin səbəbləri, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi ilə bağlı İran ərazisindən yolun çəkilməsi, Avropa Parlamentində populist insanların olması ilə bağlı fikirlərə toxunulub. Eyni zamanda Dövlət başçımız öz çıxışında Fransa və Hindistanı Ermənistana təhlükə hesab etdiyi silahlarla təmin etməmək barədə xəbərdarlıq edib və belə tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini deyib. Eyni zamanda Ermənistanın adıçəkilən ölkələrdən silah-sursat almağa başlayacağı təqdirdə, Azərbaycan öz əhalisini qorumaq üçün reaksiya verməli olacaq.
“44 günlük Vətən müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbi Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olub. Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, indi isə artıq sülh dövrüdür. Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amili İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir.