AnalitikaDünyaGündəmSiyasət

Qafqazın Zəfər Nəfəsi: Prezident İlham Əliyevin Sülh və Quruculuq Doktrinası

Azərbaycan regionda sülhün, tərəqqinin və tarixi ədalətin bərqərar olunmasında nümayiş etdirdiyi qətiyyətli mövqe ilə bütün dünyaya örnək olmaqdadır. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının rəhbərlərini qəbul etməsi ölkəmizin mənəvi gücünü bir daha nümayiş etdirdi. TDT Baş katibinin və qardaş ölkələrin ali dini rəhbərlərinin iştirak etdiyi bu görüşdə dövlət başçısı bildirdi ki, xalqımızın mənəvi dəyərlərə hörməti və dini liderlərin Bakıda bir araya gəlməsi regionda sülh mühitinin dərinləşməsinə xidmət edən mühüm tarixi amildir.

Dövlət başçısı çıxışında ölkəmizin qədim dövlətçilik və mədəniyyət salnaməsinə toxunaraq, xalqımızın bəşər sivilizasiyasına verdiyi töhfələri xatırlatdı. Eyni günlərdə Bakıda həm dini liderlərin zirvəsinin, həm də dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsinin təsadüfi olmadığını deyən Prezident İlham Əliyev, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin irsinin xalqımızın intellektual qüdrətini əks etdirdiyini vurğuladı. O, Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələnin və Atabəylər dövlətinin mərkəzi Naxçıvanın timsalında Azərbaycanın Türk dünyası ilə Qafqazı birləşdirən yeganə TDT ölkəsi kimi mühüm geosiyasi və mənəvi körpü rolunu oynadığını qonaqların diqqətinə çatdırdı.

Müasir dövrdə baş verən qlobal proseslərə və İslam coğrafiyasındakı çağırışlara toxunan Prezident İlham Əliyev dini liderlərin sülh yaradıcılığındakı rolunu yüksək qiymətləndirdi. O, Azərbaycanın İƏT çərçivəsində daim əməkdaşlığı və həmrəyliyi dəstəklədiyini bildirərək, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının xalqımızı və bütün müsəlman aləmini birləşdirən böyük bayram olduğunu xatırlatdı. Gələn il ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün müsəlman dünyasındakı anlaşılmazlıqlara son qoymaq üçün unikal imkan yaradacağını qeyd edən dövlət başçısı, İslam dinini hədəf alan qüvvələrə qarşı ancaq birgə səylərlə qalib gəlməyin mümkün olduğunu bəyan etdi.

Prezident İlham Əliyev çıxışında işğaldan azad olunmuş ərazilərdəki reallıqlardan bəhs edərək, Ermənistanın 30 illik vandalizmi nəticəsində 65 məscidin yerlə-yeksan edildiyini, bunun bütün İslam dünyasına qarşı təhqir olduğunu qətiyyətlə bildirdi. Lakin o, xalqımızın Müzəffər Ordunun gücü ilə tarixi ədaləti bərpa etdiyini, separatizmin kökünü kəsdiyini qürurla diqqətə çatdırdı. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox soydaşımızın məskunlaşdığı Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini vurğulayan dövlət başçısı, Azərbaycanın qalib xalq və qüdrətli dövlət kimi əbədi olaraq sülh içində yaşayacağını bütün dünyaya bəyan etdi.

Ceyran Qurbanova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 72” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button