AnalitikaGündəmSiyasət

Prezidentlərin Bratislava Bəyannaməsi: Perspektivlər və Prioritetlər

Slovakiya Respublikası dövlətimizin müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. Dövlətlərimiz arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Prezident İlham Əliyevin 2004-cü ilin 18-19 mart tarixlərində Slovakiya Respublikasına işgüzar səfəri, o cümlədən bu ölkənin baş nazirləri Peter Pelleqrinin 2018-ci il, Robert Fitsonun isə 2024- cü ildə Azərbaycana səfərləri dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafına öz müsbət təsirini göstərmişdir.

Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına ilk rəsmi səfərini etdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər.

Dövlət başçımız  çıxışına ötən il  Slovakiya və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırladaraq başladı. Şübhəsiz ki, bu sənəd iki dövlət arasındakı münasibətlərin mahiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir, əməkdaşlığımızın bütün sahələr üzrə intensivləşməsinə zəmin yaradır. Artıq bir çox istiqamətdə birgə komandalar fəal şəkildə çalışır, iqtisadi işçi qrupun fəaliyyəti genişlənir və əlaqələrin institusional əsasları möhkəmləndirilir.

Prezident İlham Əliyev ənənəvi əməkdaşlıq sahələrindən biri olan energetikanın  hazırda Azərbaycan–Slovakiya münasibətlərində xüsusi yer tutduğunu vurğuladı. Keçən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya təchiz olunması bu sahədə dönüş nöqtəsi oldu. Azərbaycanın geniş qaz ehtiyatları, yeni yataqların işlənməsi və ixrac imkanlarının artması Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu gün dövlətimiz 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri vasitəsilə ixrac olunan təbii qaz üzrə lider təchizatçılardan biridir. Ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun yarısı Avropa ölkələrinə yönəldilir. Avropa İttifaqına üzv 8 ölkənin məhz Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın qitənin enerji təhlükəsizliyində strateji əhəmiyyətini təsdiqləyir. Slovakiyaya və yaxın region ölkələrinə gələcək illərdə daha böyük həcmdə qaz təchizatı isə reallaşması gözlənilən perspektivlər sırasındadır.

Dövlət başçısı Azərbaycanın beynəlxalq data mərkəzləri üçün potensial regional hab kimi çıxış etməsinə şərait yaratdığını bildirib.

Slovakiya texnologiya şirkətlərinin təcrübəsi ilə Azərbaycanın enerji və coğrafi üstünlüklərinin sintezi iki ölkə arasında yeni iqtisadi əməkdaşlıq istiqamətinin formalaşmasına xidmət edəcək.

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan təkcə enerji ölkəsi deyil, həm də innovasiyalara, yüksək texnologiyalara və rəqəmsal infrastruktura açıq olan etibarlı tərəfdaşdır. Slovakiya ilə əməkdaşlıq istiqamətlərinin genişlənməsi, xüsusən də data mərkəzləri, süni intellekt və bulud texnologiyaları sahəsində birgə təşəbbüslərin gündəmə gətirilməsi iki ölkənin qarşılıqlı maraqlarının real potensiala çevrildiyini təsdiqləyir.

Azərbaycanın artan enerji imkanları, əlverişli coğrafiyası və siyasi sabitliyi ilə Slovakiyanın yüksək texnoloji bilik və təcrübəsinin vəhdəti regional əməkdaşlıq üçün yeni üfüqlər açmaqdadır. Bu səfər həm strateji tərəfdaşlıq baxımından dönüş nöqtəsi, həm də gələcək onilliklər üçün rəqəmsal transformasiya modelinin əsas konturlarını müəyyən edən mühüm siyasi mesaj oldu.

Beləliklə, dövlət başçımızın Slovakiya səfəri ölkələrimiz arasında daha çevik, texnologiya mərkəzli və qarşılıqlı səmərəyə əsaslanan əməkdaşlığın yeni mərhələsinin təməlini qoydu.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button