AnalitikaGündəm

Prezidentin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı qarşıdakı dövr üçün yol xəritəsidir

“VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Prezident İlham Əliyev ənənəyə uyğun olaraq, Milli Məclisin ilk iclasındakı dərinməzmunlu çıxışı həm deputatlar, həm də bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsidir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, bir il əvvəl şanlı Ordumuzun uğurla reallaşdırdığı antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpasından sonra artıq yeni mərhələ başlayıb. Bu yeni mərhələdə qarşımızda yeni vəzifələr durur”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, iclasda dövlət başçımızın qeyd etdiyi vəzifələr çoxşaxəlidir və ölkəmizin güclənməsinə, inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Dövlətimizin başçısının diqqət çəkdiyi vacib məsələlərdən biri ideoloji təhlükəsizliklə bağlı idi. Ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Sözsüz ki, dövlətimizin xarici siyasət və diplomatiya sahəsində, informasiya cəbhəsində apardığı amansız mübarizə məhz ideoloji hücumların dəfinə yönəlib. Hətta bir neçə ildir ki, quru sərhədlərimizin bağlı saxlanılmasının dövlətimiz və xalqımız üçün böyük narahatlıqlar bahasına başa gəlməsinə baxmayaraq bu xüsusda təhlükələrin qarşısını almaq məqsədilə edildiyini də bilirik. Bu məsələdə hər kəs öz sahəsində əlindən gələni əsirgəməməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlardan biri də Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır. Prezident bildirib ki, bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Eyni zamanda Prezident İlham Əliyev ATƏT-in Minsk qrupuna da toxunub. Bildirib ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu bu illər ərzində heç bir qaneedici fəaliyyətlə məşğul olmayıb.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib və qiymətləndirilib. Eyni zamanda ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib. Heş şübhəsiz Prezidentin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı parlamentin və deputatların qarşıdakı dövr üçün “yol xəritəsi”dir.

Oxşar Xəbərlər

Back to top button