AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi mühüm siyasi və beynəlxalq əhəmiyyət daşıyan hadisədir

“Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi mühüm siyasi və beynəlxalq əhəmiyyət daşıyan hadisədir.

Çünki bu yüksək təltif dövlətimizin başçısının qlobal miqyasda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin bariz nümunəsidir. Eyni zamanda bu təltif təkcə bir dövlət başçısının mühüm fəaliyyətinə verilən yüksək qiymət deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada artan rolunun və nüfuzunun göstəricisidir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin nüfuzlu mükafata layiq görülməsi onun beynəlxalq miqyasda artan nüfuzunun və liderlik rolunun göstəricisidir: “Şeyx Zayed kimi görkəmli siyasi və dövlət xadiminin adını daşıyan mükafatın məhz Prezident İlham Əliyevə təqdim olunması Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artmasının, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” sülh, dialoq, humanizm və dövlətlərarası əməkdaşlıq prinsiplərinə sadiq olan liderlərə təqdim edilir. Məhz, Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun həyata keçirdiyi balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir. Sirr deyil ki, Azərbaycan son illərdə regional sabitliyin təmin olunmasında, enerji təhlükəsizliyinin gücləndirilməsində və beynəlxalq əməkdaşlıq platformalarının inkişafında fəal iştirak edir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq arenada etibarlı, təşəbbüskar və sülhpərvər dövlət kimi tanınır. Bu yüksək mükafat həm də Azərbaycan xalqına göstərilən böyük hörmətin ifadəsidir”.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu da təsdiqləyir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu əlamətdar hadisə iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək: “Bu mükafat Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirir. Hər iki ölkə qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan tərəfdaşlıq modeli formalaşdırıb. Enerji, iqtisadiyyat, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq ildən-ilə genişlənir və dərinləşir. Bir sözlə, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin, həm də ölkəmizin liderinə olan yüksək etimadın göstəricisidir. Bu hadisə Azərbaycan diplomatiyasının uğurlarının beynəlxalq səviyyədə növbəti təsdiqi olmaqla yanaşı, gələcək əməkdaşlıq perspektivləri üçün də möhkəm siyasi zəmin yaradır”.

Oxşar Xəbərlər

Back to top button